Azərbaycan üçün önəmli olan taleyüklü Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, "Torpaq uğrunda ölən varsa, Vətəndir!". Qarabağı azadlığa qovuşduran müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olmuş Elgizdir. Elgiz İbrahim oğlu Hüseynzadə 28 oktyabr 2001-ci ildə Tərtər rayon Bəyimsərov kəndində dünyaya gəlib. Əslən kəlbəcərli idi.
Azərbaycan Ordusunun əsgəri olan Elgiz Hüseynzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsində savaşıb. O, 22 oktyabrda Füzuli istiqamətində gedən döyüşdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elgiz Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Elgiz Hüseynzadə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.