2021/05/16067-1620895229.jpg

line
Adı: Fərzalıyev
Soyadı: Samiq
Ata adı: Misir
Doğum tarixi: 08.07.1992
Şəhid olub: 07.10.2020
Rütbəsi: Baş leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Samiq Misir oğlu Fərzalıyev 1992-ci il iyulun 8-də Tovuz rayonunun Güvəndik kəndində anadan olub. 1998-2008-ci illərdə Güvəndik və Papaqçılar kənd tam orta məktəblərində, 2008-2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Samiq Fərzalıyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2014-cü illərdə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib.

Samiq Fərzalıyev 2016-cı ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə könüllü müraciət edib və ordu sıralarında xidmət göstərmək arzusunu bildirib. O, Müdafiə Nazirliyi tərəfindən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursa göndərilib və “leytenant” hərbi rütbəsi alaraq “N” saylı hərbi hissədə xidmətə başlayıb. Samiq Fərzalıyev 2020-ci ilin iyul ayında “baş leytenant” hərbi rütbəsi alıb. Şəhidimiz ailəli idi.



Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Samiq Fərzalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Samiq oktyabrın 7-də Füzuli döyüşləri zamanı iki əsgərinin nəşini döyüş bölgəsindən çıxarmaq istəyərkən snayper gülləsinə tuş gələrək şəhid olub. Tovuz rayonunun Güvəndik kəndində dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samiq Fərzalıyev ölümündən sonra " "Vətən uğrunda" medalı, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə 25.12.2020-ci il tarixli Sərəncama əsasən "Füzulinin azad olunmasına görə", “İgidliyə görə” medalları ilə təltif edilib.



Şəhid zabitimizin qohumu Malik Nəsirov deyir ki, Samiq hələ uşaq yaşlarından öz vətənpərvərliyi ilə seçilib. Məktəb tədbirlərində Vətən mövzulu şeirlər oxuyanda hərbi formaya uyğun geyimlər geyib çıxış edərmiş:

"Ən boyuk arzusu böyüyəndə hərbçi olmaq idi. Ordu sıralarına bir zabit kimi qosulandan sonra Qarabağ torpaqlarımızı düşməndən azad etmək və Azərbaycanın şanlı bayrağını Şuşada qaldırmaq həyatının ən böyük arzusuydu. Hərbçi olmaq, Qarabağın azadlığı uğrunda döyüşmək arzusu çin olsa da, Şuşanın azad olunmasını görmək Samiqə qismət olmadı. Ancaq onun zabit yoldaşları, aslanparçası əsgərlərimiz Samiqin, digər şəhidlərimizin arzusunu həyata keçirməklə, onların ruhunu şad etdi! Tanrı şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, ordumuza güc qüvvət versin”!