Tural Arif oğlu Rəhimov (1 yanvar 1993; Cəlilabad rayonu, Azərbaycan — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.
Tural Rəhimov 1993-cü il yanvarın 1-də Cəlilabad rayonunun Söyüdlü kəndində anadan olub.[1] 1999-2003-cü illərdə Söyüdlü kənd tam orta məktəbində, 2003-2008-ci illərdə Muğan kənd tam orta məktəbində, 2008-2010-cu illərdə isə Cəlilabad şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə Lənkəran Dövlət Universitetində (LDU) "Kimya-biologiya" ixtisası üzrə ali təhsil alıb. 2016-cı ildən müəllim olaraq çalışırdı.
Azərbaycan Ordusunun leytenantı olan Tural Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Rəhimov oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəhimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəhimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.