Süleyman Bağırov 1992-ci il fevralın 1-də Sabirabad rayonunun Sərxanbəyli kəndində anadan olub. 2010-cu ildən Bakı Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb.
2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olan Süleyman əfsanəvi general Polad Həşimovla bir yerdə xidmət edib.
Azərbaycan Ordusunun leytenantı Süleyman Bağırov 2020-ci il sentyabrın 29-da Vətəni xilas etmək üçün yenidən hərbi formanı əyninə geyinib. Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə igidliklə vuruşaraq, oktyabrın 8-də şəhid olub. Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhadətindən sonra dünyaya gələn, üzünü görməyi çox istəsə də, görə bilmədiyi qızına atasının vəsiyyətinə uyğun olaraq, "Nilufər" adını qoyublar.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.