2021/05/talib-1620971087.jpg

line
Adı: Şirnalı
Soyadı: Talıbov
Ata adı: Aqil
Doğum tarixi: 16.09.1997
Şəhid olub: 22.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı
Talıbov Şirnalı Aqil oğlu 16 sentyabr 1997-ci ildə Nəcəfqulubəyli kəndində dünyaya göz açıb. 2003-cü ildə Rahim İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbin 1-ci sinfinə gedib. 2014-cü ildə sözügedən məktəbi uğurla başa vurub. 2015-ci ilin oktyabr ayından 2017-ci ilin aprelinə qədər ordu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurandan sonra Vətən müharibəsi başlanana qədər Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzində çalışıb.

Müharibə başlanandan sonra qismən səfərbəylik zamanı döyüşən orduya qatılıb. Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub. Oktyabr ayının 22-də gərgin döyüşdə əlində silah vuruşa-vuruşa qəhrəmanlıq göstərərək həlak olub. Şəhadətə qovuşub, şəhidlik zirvəsini fəth edən Şirnalı Talıbov doğma kəndləri Nəcəfqulubəyli kəndində dəfn olunub. Müharibədə göstərdiyi rəşadətə görə bu cəsur döyüşçü “Vətən uğrunda” , "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" , "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

"Qardaşım Şirnalını həmişə vətənpərvər, torpağı ürəkdən sevən görmüşəm. Çox istiqanlı, böyük-kiçik yerini bilən idi. Kənddə hamının hörmətini qazanmışdı. Gülərüz, şən və nikbin insan idi. Heç vaxt ruhdan düşməzdi. Anam onu cəbhəyə yola salanda ağladı. Şirnalı onun üz-gözündən öpərək, “Ana, sevinməlisən ki, oğlun böyüyüb əsgər olub. Düşmənlə vuruşmağa gedir. Məni sevinclə yola sal. Qismətdə varsa, şəhid olacağam. Səndən də bircə xahişim var, məni ağlama. Mənim ölümümü sevinclə qarşıla…” , -deyə şəhidin qardaşı İsmət Talbov onun xatirəsini yad edib.