Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Mahmud Mayıllıdır .
Mahmud Əflatun oğlu Mayıllı 2002-ci il 12 iyul tarixində Yardımlı rayonunun Avaş kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Mahmud Mayıllı Bakıda hərbi xidmətdə olub, oradan könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə yollanıb. 2020-ci ilin 12 oktyabr tarixində sonuncu dəfə ailəsi ilə əlaqə saxlayıb, 13.10.2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olub. 30 noyabr tarixində doğulduğu kənddə dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıllı Mahmud Əflatun oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıllı Mahmud Əflatun oğlu ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.