44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Bu yolda vətənpərvər oğullar canlarından keçiblər. Onlardan biri də Nahid Ağalarovdur.
Nahid Musa oğlu Ağalarov 1983-cü il dekabrın 19-da Goranboy rayonunda Xan Qərvənd kəndində anadan olub. Azərbaycan Ordusunun baş çavuşu olan Nahid Ağalarov Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Nahid Ağalarov noyabrın 23-də Şuşa istiqamətində minaya düşməsi nəticəsində şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Nahid Ağalarov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Nahid öz xalası qızı ilə sevərək, ailə həyatı qurmuşdu. Tinatin xanım həmin dövrü belə xatırlayır:
- 2016-cı ildə mayın 9-u mənə qarşı istəyini bildirmişdi. 2016-ci ildə iyunun 18-i isə ilk görüşümüz oldu, mənə sevgisini etiraf etdi. 2016-cı ildə oktyabrın 2-də hərimiz, 2017-ci ildə yanvarın 3-də nişanımız olub. Bir neçə ay sonra 2018-ci ildə martın 11-də ailə qurduq. Çox qayğıkeş həyat yoldaşı idi.Bundan sonra yüz il də yaşasam, onun qayğısı mənim bəsimdir. 2018-ci ilin noyabr ayında qızımız Zəhra dünyaya gəldi. Valideyn olduğumuz üçün çox sevinirdik. Nahid deyirdi:“Zəhra balamı böyüdəcəyəm, əlindən tutub, məktəbə aparacağam, oxudacağam, işə qoyacağam". Nahid hərbçi idi və İkinci Qarabağ müharibəsinə qatılan zaman Zəhra balamıza olan arzularını mənə tapşırıb getdi. Torpaqlarımızı düşmən tapdağından azad edəcəyini dedi və etdi...
Tinatin xanm Nahidi sonuncu dəfə noyabrın 10-da görüb: "Noyabrın 10-u getdi və gəlmədi. Sonuncu dəfə noyabrın 23-də danışdıq. Dedi ki, qızımla səni çox sevirəm. Özünüzə yaxşı baxın. Balam sənə əmanət. Sonra şəhid xəbərini aldıq. Atam-anam məni aldadıb apardı ki, Nahid yaralanıb. Rayonda dəfn etdik. Və o gedəndən mən də öldüm. Gözüm hər yerdə onu axtarır. Həyat onsuz necə davam edəcək, bilmirəm. Bir yoldur, gedirəm”.
Qeyd edək ki, Nahidin böyük qardaşı Yaşar da Birinci Qarabağ müharibəsində - Daşaltı əməliyyatında itkin düşmüşdü, uzun illər ondan xəbər çıxmadığından şəhidlik statusu verilib.