Sənan Rəhman oğlu Kərimov 1991-ci il martın 29-də Ağdam rayonunda anadan olub. 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb.
Sənan Kərimov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.
Azərbaycan Ordusunun kapitanı olan Sənan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Ordumuz irəlilədikcə bizim qətiyyətli igidimizin qəlbi elə həyəcanla çırpınırdı ki... Çox az qalmışdı axı... Dədə-baba yurdu Ağdam qəhrəmanını gözləyirdi. Bölük komandiri olan Sənan xüsusilə Füzuli istiqamətində düşmənin keçilməz hesab etdiyi müdafiə xəttinin yarılması zamanı böyük şücaət göstərib. Döyüşçü yoldaşlarının sözlərinə görə, onun rəhbərlik etdiyi bölmənin qarşısında düşmənin duruş gətirməsi demək olar ki, qeyri-mümkün idi.
Baş leytenant Sənan Kərimov ölüm, təhlükə, ya qorxu sözlərini tanımırdı belə! Buna görə həyatını dəfələrlə rıskə ataraq, ən kritik ərazilərə göz qırpmadan girib və yaralı yoldaşlarını xilas edib. Son döyüşlərdə inanılmaz həmlə ilə 70 nəfərlik heyəti mühasirədən çıxarmağa müvəffəq olub.
Sənan 7 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində aparılan döyüşlər zamanı yaxınlıqdakı tankdan atılan mərminin düşməsi nəticəsində şəhid olub. Tam arzusunun astanasında şəhadət zirvəsinə yüksəlib. Onun 1 yaşından qəlbində böyütdüyü böyük arzusunu isə döyüşçü yoldaşları həyata keçirib.
Atası Rəhman Kərimovun sözlərinə görə, oğluna kapitan rütbəsi verilsə də, bunu ona təqdim etmək mümkün olmayıb.
Aprel döyüşlərində də iştirak etmiş şəhdimiz 3 aylıq nişanlı imiş və müharibə bitdikdən sonra toyu olacaqmış.
Sənanın Naxçıvanski liseyindəki müəllimi Vüsal Muradovun sözlərinə görə, indi onun bütün şəhid şagirdlərinin ruhu şaddır. Çünki qisasları alınıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Sənən Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Sənən Kərimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qeyd edək ki, şəhid Sənən Kərimov 2-ci Fəxri xiyabanda dəfn edilib.