Ulubəyov Nurəhməd Hacıbəy oğlu 2 iyun 1996-cı ildə Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə təhsil alıb. Elə həmin ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakultəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə həqiqi hərbi xidmətə yollanır.
2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinə könüllü qoşularaq torpaqlarımızın erməni işğalından azad olunmasında iştirak edib. Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində döyüşlərə qatılıb. Oktyabrın 7-də Füzuli rayonu Horadiz kəndi istiqamətində düşmən həmləsinin qarşısını alarkən həlak olub. 9 oktyabr 2020-ci ildə Bakıda II Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəhməd Ulubəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəhməd Ulubəyov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidin anası Tahirə xanım: "Nurəhməd evin üçüncü uşağı, sonbeşiyi olub. Onunla böyük bacı, qardaşı arasında çox fərq var. Böyük oğlum universitetin birinci kursuna daxil olanda Nurəhməd birinci sinfə gedirdi. Ona atamın adını qoymuşdum. O, çox vətənpərvər uşaq idi. Orta məktəbi rus dilində bitirmişdi, bir dəfə Bodruma səyahətə gedəndə, orda bir ingilislə Qarabağ üstündə mübahisə etmişdi. Sonra gəlib bizə ingilisi sözlə məğlub etməsindən danışırdı. Aprel hadisələrində də hamı ilə birgə küçələrə çıxmışdı. Axşam vaxtı gördüm qapı açıldı, o, çiynində bayraqla içəri girdi. Onunla zarafatımız vardı. O, bizim övladımız yox, nəvəmiz kimi idi. Dedim, çiyninə o nədir sərmisən. Dedi, "bayrağımızdı, yaraşır?" Dedim, hə, gözəl yaraşır. Dedi ki, "papa, bu harasıdır hələ. Qarabağı alacağıq, onda bu bayrağı özümlə Qarabağa aparacam". İndi həmin bayraq evdədi, saxlayıram. Nurəhməd şəhid olandan sonra həmin bayraq onun evdəki paltarlarının arasından çıxdı".
Nurəhməd təhcizatçı olduğu üçün arxa cəbhədə idi, amma könüllü olaraq ön cəbhəyə gedib. Ailəsi ilə də sonuncu dəfə oktyabrın 3-də danışdı:
- Dedi, papa, narahat olma, hər şey yaxşıdır. Amma qardaşı ilə ayın 7-ə qədər danışıb. Bildiyimə görə, əvvəl Füzuli uğrunda döyüşlərdə iştirak edib. Ayın 4-də Cəbrayılı alıblar. Sonra Hadrut tərəfdən döyüşlərə giriblər. Orda da oktyabrın 7-də şəhid olub. Səkkizi onun nəşini bizə təhvil verdilər. Oktyabrın 9-da dəfn etdik. Şəhid olandan sonra biz onun gülməyən bircə şəklini tapa bilmədik. O, həyatda gülə-gülə yaşamışdı. Həyatı, insanları çox sevirdi. Amma əlimizdən quş kimi uçub getdi. Mən sizə bir söz də deyim ki, əgər onu komissarlıqdan çağırmasaydılar, belə özü könüllü yazılıb müharibəyə gedəcəkdi.