İkinci Qarabağ müharibəsi şəhidi Qum Ali Dini Elmi Hövzəsinin Cameətul-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyasının Təbriz filialının tələbəsi, ilahiyyatçı Maarif Səfərov 1997-ci il mayın 21-də Cəlilabad şəhərində anadan olub.
Hələ iyul ayında Tovuz istiqamətində mənfur düşmənin növbəti təxribatı zamanı könüllü olaraq cəbhəyə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. İkinci Qarabağ müharibəsində isə onun bu arzusu reallaşdı. Maarif Səfərov döyüş zamanı bir çox rayonların işğaldan azad edilməsində birbaşa iştirak edib, mərdlik. Oktyabrın 21-də Qubadlı istiqamətində gedən döyüşdə şəhid olub.
Azərbaycan Prezidentinin sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" , "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Şəhidin atası Mikayıl Səfərov övladı ilə bağlı danışarkən bildirib ki, Maarif Murov dağında xidmətdə olarkən general-mayor Polad Həşimov onun komandiri olub. Komandirinin şəhid olması xəbəri Maarifi çox sarsıdıb.
Şəhid atasının sözlərinə görə, Maarif müharibə zamanı öz əsgər yoldaşlarına şəhadətin necə şərəfli bir zirvə olduğunu və düşmən tapdağında olan torpaqların geri qaytarılmasının labüd olduğunu söyləyib.
Maarifin anası Tamara Səfərova bildirib ki, oğlu çox gülərüz, mehriban, dininə bağlı və vətənpərvər gənc olub.
Şəhidimizin döyüş yoldaşı qazi Gülverdi Bəbirov Maarifin döyüş zamanı göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışıb.