Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi Şirxan İsmixan oğlu Quliyev 1995-ci il sentyabrın 28-də Xocavənd rayonunda anadan olub.
Şirxan Quliyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Şirxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində bir çox uğurlu tapşırıqların icrasında fəallığı ilə seçilib. Cəbrayıl, Füzuli, Qubadlı uğrunda gedən döyüşlərdə Şirxan əsl qəhrəmanlıq nümayiş etdirib. Noyabrın 2-də Daşaltı uğrunda gedən döyüşlərdə yaralanmasına baxmayaraq, o, geri çəkilməyib. Son damla qanına qədər döyüşən Şirxan noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şirxan Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şirxan Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şirxan Quliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhid Şirxan Quliyev döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “ Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.