İsmayıl Nəsrulla oğlu İrapov 2002-ci il fevralın 23-də Zaqatala rayonunun Əliabad qəsəbəsində anadan olub. 2008-2017-ci illərdə 1 saylı Əliabad qəsəbə tam orta məktəbində təhsil alıb.
İsmayıl İrapov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsmayıl İrapov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
İsmayıl İrapov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Əliabad qəsəbəsində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl İrapov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl İrapov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidimizin anası Naimə İrapova bir qədər soyuq təbiətli qadındır. Özü deyir İsmayıl əsgər getməzdən öncə məni öpmək istəyəndə qoymurdum öpsün. “Xoşum gəlmirdi. Arxadan qucaqlayıb öpərdi balam məni. Kaş ki doya- doya sarılaydım ona. İndi ətrini köynəyini iyləməklə alıram. Yuxuda görürəm tez-tez, deyir ana məni oyatma.Çox çətindi. Allah heç kəsi balayla sınağa çəkməsin. Mən ona İsiko deyirdim, hamı ona elə çağırırdı.”
İsmayıl ailənin böyüyü və tək oğluydu. Özündən sonra 11 yaşlı bacısı qalıb sadəcə. Ən böyük arzusu bacısını oxutmaq olub. Özünün oxumağa həvəsi olmasa da. Deyirmiş nə istəyir, alın verin, gələndə işləyib pulunu qaytaracam. Fəhləlik edirdi.Bir müddət öncə İsmayılın ermənilər tərəfindən əsir alınaraq vəhşiliklə qətlə yetirilməsi barədə videogörüntülər yayılmışdı. Atası Nəsrulla İrapov deyir ki, oğlu sosial şəbəkələdə yayıldığı kimi vəhşiliklə qətlə yetirilməyib.Qəlpə yarasından ölüb. “Qəlpə sağ tərəfindən girib sol tərəfindən çıxmışdı. Başqa iz yox idi bədənində”.
Atası Nəsrulla da I Qarabağ müharibəsində iştirak edib, qazi olub. Oğluna sürpriz olaraq ev tikirmiş, gələndən sonra iki mərtəbəli ev ucaltmaq arzsundaydı. İndi hər şeydən əli soyuyub. Deyir İsmayıl yoxdursa, neynəyim o evi. “Onu bircə dəfə də olsun qucaqlamamışdım. Kaş ki, yanına son dəfə getdiyimdə qucaqlayaydım, sevgimi hiss edəydi”, deyir. Ata ürəyi oğluna olan sevgisini onun bir arzusunu reallaşdırmaqla təskinlik tapıb. Oğlunu istədiyi kimi kəndin ortasında bir bulaq qurub. Gələn gedənlər istifadə edə bilsin deyə. Mavi gözlü şəhidimizin arzuları da su kimi saf, təmiz idi.