Rüstəmli İbrahim Mirzağa oğlu 18 iyul 1993-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub. 2011-ci ildə orta məktəbi bitirib və hərbi xidmətə gedib.
Aprel döyüşlərinə könüllü yazılıb. 2020-ci ilin sentyabr ayının 21-də könüllü olaraq cəbhəyə yollanıb. İlk vaxtlar topçu kimi xidmət edib. Oktyabrın ortalarında yüngül qəlpə yarası alıb.
Bir müddət müalicə alıb, sağaldıqdan sonra yenidən cəbhəyə yollanıb. Xocavənd rayonunun bir neçə kəndinin alınmasında fəal iştirak edib. Noyabrın 4-də Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmış bir neçə əsgər yoldaşının mühasirədən çıxmasına kömək edərkən qəhrəmancasına şəhid olub. Zərdab rayon Şahhüseynli kənd qəbristanlığında dəfn edilib. Ailəli idi, bir övladı var.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Rüstəmli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Rüstəmli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.