Şəhidliyə yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır.
Azərbaycan torpaqları erməni daşnaklarının təcavüzünə məruz qalandan bu günə kimi xalqımızın vətənpərvər övladları, yaşından asılı olmayaraq, ana Vətənin harayına səs verdi - ölümün gözünə dik baxdılar! Belə şərəfli ömür sahiblərindən biri də Nurlan Şirinlidir. Nurlan 1996-cı ilin oktyabr ayının 16-da Tərtər rayonunun Sarov kəndində anadan olub.
Müharibə zamanı mexanik sürücü kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib. Hamı igid əsgəri hər an sinəsini Vətəni üçün sipər etməyi bacaran əsl qəhrəman bilirdi. İgid hərbçi oktyabrın 7-də Talış Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncaı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu zirvəyə ucalanlar isə heç zaman ölmürlər. Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur.
Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar.