Məmmədov Əlihüseyn Elşad oğlu 1998-ci ildə Bakıda anadan olub. O, bir müddət Şəkidə babasıgildə yaşayıb. 2005-ci ildə Şəki şəhərinidə 18 nömrəli məktəbdə ilk təhsilə başlayan Əlihüseyn sonralar Bakıya valideynlərinin yanına köçür, ibtidai təhsilini Xarici dillər təmayüllü gimnaziyada tamamlayır. Müəyyən səbəblərdən ailəsi Əlihüseynin təhsilini rayonda davam etdirməsinə qərar verir. Beləliklə, tam orta təhsilini əvvəl oxuduğu Şəki şəhərinin 18 nömrəli tam orta məktəbdə bitirir. Məktəb illəri çox sakit keçib, fərqli davranışı, mədəni rəftarı, sakit təbiəti ilə həmişə seçilib və sevilib.
Heç vaxt münaqişəli hadisələrdə adı hallanmayan Əlihüseyn günlərin birində bir mübahisəyə qoşulur. Bundan təəccüblənən dostları onu kənara çəkməyə çalışır.
“Mən mübahisəyə qoşulmuşam, o demək deyil ki, dava-dalaş edəcəyəm. Hər məsələni mədəni şəkildə də həll etmək olar” - deyib məsələni özünəməxsus sakit tərzdə həll edir. Yoldaşları çox vaxt ona “ağsaqqal” deyə müraciət edirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun elmi işçisi Vilayət Məmmədovun şəhid Əlihüseyn Məmmədovla bağlı yazısında yer alıb. Məqaləni təqdim edirik.
Ali təhsil üçün texniki fənləri seçən Əlihüseyn tam orta təhsilini yaxşı qiymətlərlə başa vurur. Attestat qiymətləri arasında əla qiymətlərini tarix fənnindən alması o zaman üçün təsadüfü görünsə də, indi özünün təsdiqini tapıb. 2016-cı ildə ADNSU-nun İstilik energetikası mühəndisliyi fakültəsinə daxil olub və 2020-ci ildə oranı bitirib. Əlihüseynin ailəsi maddi baxımdan yaxşı təminatlı olsa da, o, heç vaxt valideynlərinə cibxərcliyi üçün müraciət etməzdi. Atası hər gün ona pul verir və hər dəfə də “pulum var” deyirdi. Xərcliklərini yığıb qənaətlə xərcləyən Əlihüseyn geyimlərini də çox zaman o pulla alırdı.
“Öz ayaqlarımın üstündə durmaq istəyirəm” arzusu Əlihüseyni tələbəlik illərində kiçik xidmətlərdə də olsa işləməyə gətirib çıxarır. O, ilk iş həyatına “Araz” supermarketlər şəbəkəsində əvvəl satıcı, sonra kassir kimi başlayır.
Daxilində olan böyük məsuliyyət hissi onu iş həyatında qüsursuz edir. Rəhbər heyətlə, iş yoldaşları, müştərilərlə qurduğu düzgün münasibətdə son dərəcə səmimi və mədəni idi. Bu xüsusiyyətləri ilə rəhbər heyətin etibarını və hörmətini qazanan Əlihüseyn hər zaman onların diqqət mərkəzində olurdu. İmtahanlar zamanı işinə ara vermək məcburiyyətində qaldığını vurğulasa da, bir işçi olaraq onu itirməmək üçün ona münasib iş qrafiki qurulurdu. Onun yorulduğunu görən valideynləri dəfələrlə işdən azad olunmasını istəsə də o, buna razı olmadı.
“Siz mənim üçün bu yaşıma qədər çox əziyyət çəkmisiniz. Heç olmasa bundan sonra az da olsa, mənim sizə köməyim dəysin”, – deyərdi.
Sakit dünyasında ədalətsizliyə qarşı çılğınlıq göstərən biri idi Əlihüseyn. İşçilərin haqqını öz haqqı kimi müdafiə edirdi. Ətrafındakıların problemini öz problemi bilib həll etməyə çalışırdı. O, öz problemlərində heç zaman ailəsinə müraciət etməzdi. Güclü xarakterindəki məsuliyyət hissi onun bütün işlərinin nizamlı olmasına gətirib çıxarırdı. Valideynləri bəzən ona “gərək arada gəlib səni universitetdə soruşaq, maraqlanaq” deməsinə cavabı “Narahat olmayın, mən sizlərin başını aşağı endirəcək heç bir iş tutub sizə utanc hissi yaşatmaram. Məndən arxayın ola bilərsiniz” olurdu.
Ailəsi onu çox yaxşı tanıyırdı. Belə deməklə onun məsuliyyətini daha da artırırdılar sanki.
Həm oxuyub həm işləməsi onu istirahətindən də ayırmırdı. Yeməyi çox sevən Əlihüseyn istirahət zamanı maraqlı məkanlara gedir, özü üçün yeni kəşflər edirdi. İstirahət zamanı kiminsə onu narahat etməsini xoşlamırdı. İnsanlara qarşı münasibəti eyni idi. Hamı ilə eyni cür münasibət bəsləməyə çalışırdı. Arzularını anası ilə bölüşürdü çox vaxt.
Ən böyük xəyalı bir yemək məkanı açmaq idi. Adını belə düşünmüşdü: ”ƏLİNİN BURGERİ”. Anası Arzu xanım: “Narahat olma, biz sənə lazımı dəstəyi verəcəyik. Sən təhsilini başa vur, Vətənə xidmət borcunu yerinə yetir. Zaman o ana çatanda biz o məsələ ilə bağlı işlərə başlayacağıq” - deyirdi. Övlad kimi Əlihüseyn valideynlərinə heç zaman əziyyət verməmişdi. Onlar da istəyirdi ki, övladlarının çəkdiyi bu qədər zəhmətin dəyərini ona layiqincə versinlər. Onun bütün arzularını reallaşdırmaq üçün artıq maddi cəhətdən vəsait belə hazırlamağa başlayırdılar.
Əfsuslar olsun ki, bəzən həyat bizi arzularımıza doğru gedən yolları dəyişib başqa istiqamətə çevirir. İlahi Yaradanın bizə yazdığı taledən xəbərsiz çıxdığımız yol düşündüyümüz yerdə deyil, başqa ünvanda tamamlanır.
Ali təhsilini magistr səviyyəsi üzrə tamamlamaq istəsə də buna nail ola bilməyən Əlihüseyn anasına söz verir ki, hərbi xidmətdən qayıdan zaman mütləq onun bu arzusunu yerinə yetirəcək. Anası Arzu xanım ixtisasca müəllimədir. Onun şagirdlərinə verdiyi vətənpərvərlik tərbiyəsi sanki bütünlükdə oğluna keçmişdi. Tez-tez bu mövzuda tədbirlər hazırlayan Arzu xanım evdə tədbirə hazırlıq işləri görərkən Əlihüseyn diqqətlə onu izləyirdi. Anasının Vətənə, millətə, bayrağa olan məhəbbət hissini şagirdlərinə necə aşıladığını görən Əlihüseyn bundan ruhlanırdı. Bütün bunlar onda hərbi xidmətə getmək həvəsini artırırdı. Diplom müdafiəsi üzrə işləri tamamlandıqdan sonra artıq bütün fikrini əsgərliyə yönəltmişdi. Hərbi xidmətdə çox yaxın qohumları yüksək rütbələrdə çalışırdı. Hər dəfə bu mövzuda söhbət düşəndə o anasına deyirdi: “Kimin harada olmağı mənə maraqlı deyil. Mən bu Vətənin oğluyam. Hara göndərilsəm, qoyun orada xidmətimi layiqincə yerinə yetirim. Mən artıq yetkin yaşa çatmış, müstəqil fikirli bir şəxsiyyətəm. Məndən narahat olmayın. Özümü hər yerdə idarə edə biləcək ağıla, düşüncəyə sahibəm”.
Axır zamanlar səbri demək olar ki, tükənmişdi. Elə hey gözü hərbi komissarlıqdan gələn məktubu axtarırdı sanki. Anasına tez- tez dostlarının tanışlarının nə vaxt gedəcəyi gününü deyir, görəsən məni niyə çağırmırlar deyib gileylənirdi. Anası da yaman tələsirsən deyərək nigaran halda ona baxırdı.
Bir gün evə gələrək anasına əlindəki qeydiyyat vərəqini göstərir. Sevincinin həddi-hüdudu yox idi. Sanki uçmağa bir tək qanadı çatmırdı. Anasının gözlərindəki yaşı görən Əlihüseyn “Ana niyə ağlayırsan? Demirdin ki, Vətənə xidmət sənin borcundur. İndi niyə ağlayırsan? Xeyir-duanı ver, ağlama. Söz ver mənə, işdir birdən ölsəm, o zaman da ağlama. Sənin göz yaşlarına dözə bilmədiyimi bilirsən axı”, - deyib anasını bağrına basdı.
Arzu xanım ona pul verdi ki, get ürəyin istəyən nə varsa al ye. “Xeyir ola səxavət kisəsini açmısan yenə” - deyərək Əli gülür. Ana oğlunun nazı ilə oynayır, onun istədiyi yeməkləri, şirniyyatları bişirir, evdə ona güldən artıq söz deməyə qoymurdu. Valideynləri çox narahat idilər. Əlihüseyngil ailədə 3 uşaq olsalar da, ondan böyük qardaşının və balaca bacısının onun dəstəyinə ehtiyacı vardı. Ailənin yeganə ümidi o idi. Bütün bunlar ailəni çox narahat edirdi. Əlihüseynin könül verdiyi bir qız var idi. İş həyatında tanış olduğu xanıma bu xəbəri sevinclə çatdıranda qız ona “Bəlkə getməyəsən” - demişdi. Əlihüseyn isə: “Mən Vətəni qorumağa gedirəm, sən də bu Vətənin qızısan” – cavabını vermişdi.
Beləliklə, 2020-ci ilin yay aylarında Əlihüseyn hərbi xidmətə yollanır. Evdə hamıya tapşırır ki, əziyyət çəkib yanına gəlməsinlər.
Onun xidmət etdiyi hərbi hissə uzaq rayonda yerləşdiyi üçün valideynlərinə əziyyət vermək istəmirdi. Əlihüseyn nənə-babasının yanında böyüdüyü üçün onlara çox bağlı idi. Nənəsi ondan ötrü yaman darıxırdı. Bu həsrəti görən valideynləri qərara alır ki, nənəni də götürüb əsgər balalarını görməyə getsinlər. Həmin ərəfədə respublikada pandemiya şəraiti olduğu üçün rahat hərəkət etmək olmurdu. Uzaq olan yol müxtəlif səbəblərdən həmin gün daha da uzanır. Müxtəlif maneələrdən keçib, nəhayət, həmin hissəyə gələn valideynlər Əlihüseyni bir qədər gözləyirlər. Sevinc dolu görüş baş tutur. Uzaq yolu əziyyətlə gəlməklərinə narazılıq edən Əlihüseyn ürəyinin dərinliyində, bəlkə də, bu görüşə çox sevinirdi. Axı bu görüş onun doğmaları ilə son görüşü idi..
Sentyabrın 27-si 2020-ci il. Vətən müharibəsi. Qarabağ uğrunda əks həmlə əməliyyatı ilə başlanan müharibə. Əlihüseynin valideynlərinin başlanan narahatlığı. Oğullarını tanıyan ata-ana bilirdi ki, o yerində rahat durmayacaq. Vətən deyib bu müharibəyə atılacaq. Hər gün böyük həyəcanla telefon zəngini gözləyən ana axırıncı dəfə oğlu ilə söhbətini belə xatırlayır: “Çox sevincli idi. Sanki nəsə qazanmışdı və onun sevincini yaşayırdı, qürurla danışırdı. Məndən narahat olma. Meyvə belə yemişəm”, - dedi Əlihüseyn.
Bu zamana qədər oğlunun döyüş meydanında olmasından bixəbər olan ananın narahatlığı getdikcə artırdı. Əlihüseyn bacardıqca evlə əlaqəni kəsmirdi, anasının narahatlığını bilib onu xəbərsiz qoymurdu. Sonuncu zəngdən 3- 4 gün keçəndən sonra xəbər gəlmədiyini görən ana artıq narahat olmağa başlayır.
Ana ürəyi artıq onu xəbərdar etməyə hazırlayan kimi sıxılır. Onu bu hisslərini atası belə xatırlayır: “Həmin gün Əlinin şəhadətə yetişdiyi gün Arzu özündə deyildi. Cismi evdə ruhu başqa yerdə idi sanki. Dalğın-dalğın mənə baxır, amma dediklərimi eşitmirdi. Onun bu vəziyyəti heç xoşuma gəlmədi. Qərara aldım ki, onu tək qoymayım”.
Beləliklə acı xəbəri verən zəng gəldi. Əlihüseynin arzuları, gülüşləri, həyəcan dolu sevincləri ilə dolu qoyub getdiyi ev bir anlıq qaranlıq zülmətə çevrildi. Həmin anları heç bir sözlə ifadə etmək olmur. Bu hisslər ancaq kədər dolu gözlərdən axan yaşlarla ümidsiz qəlblərdə qalan arzularla ifadə oluna bilər.
Əlihüseyn Məmmədov Elşad oğlu 2020-ci il oktyabrın 9-da Füzuli- Cəbrayıl- Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Yarımçıq qalan arzular, həsrət dolu ümidlər. Bunlara təsəlli yalnız bir kəlmə söz - Şəhidlik.
Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu şərəfə layiq olan Əlihüseyn öz adını tarixə yazdı. Qəhrəmanlar unudulmur. Onların həyatı gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şey öyrənməlidirlər. Ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Onların xatirəsi yaddaşlarda əbədi yaşayacaq!
Əlihüseyn mərd idi, qorxmaz idi, hər insanı özünə yaxın buraxmazdı. İnsanların səmimiliyinə əmin olduqdan sonra dostluq edirdi. Zəhmətkeş idi, hər bir işini özü həll etməkdən zövq alırdı. Kiminsə qarşısında gözükölgəli, minnətli olmaq istəmirdi. Kiçik yaşlarından bu gününü və sabahını çox düşünüb özü üçün yolunu cızmışdı. Sən demə onun dəstəyinə ehtiyacı olan böyük qardaşını və balaca bacısını belə düşünmüşdü. Allah bütün şəhidlərimizə rəhmət eləsin!