Ceyhun Aydın oğlu Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 1992-2001-ci illərdə Bakı şəhəri Xətai rayonu Ə.Abbasov adına 257 nömrəli tam orta məкtəbdə, 2001-2003-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ceyhun Həsənov 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsilə yiyələnib.
Ceyhun Həsənov 2009-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən hərbi hissəsində xidmət edib. Daha sonra isə, Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə davam edib.
Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsi zamanı Füzulinin uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Həsənov sentyabrın 27-də Füzulidə şəhid olub. Kapitanımız İkinci Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Həsənov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Həmçinin şəhid kapitan Həsənov "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə də təltif edilib.
Ceyhun Həsənov ailəli idi, 2019-cu ilin 6 avqustunda əkiz oğlanları Cahid və Cavidan dünyaya gəlib.
Bir oğul anası olub, onu da vətən uğrunda şəhid vermiş Səmayə xanım Həsənova balası haqqında qürurla danışır:
“Oğlum, azad etdiyin torpaqlarda ruhun gəzəcək. Bir də, onu demək istəyirəm ki, avqustun 6-da əkiz oğul övladlarının ad gününü, ilk yaşlarını qeyd etdin, amma bir daha qeyd edə bilməyəcəksən. Böyüyəndə biləcəklər ki, onların atası kimdir. Balaların səni şəkillərdə, tarixlərdə axtaracaq, səninlə fəxr edəcək məsum körpələrin. Vətənini balalarından, anasından yüksəkdə tutan Komandir. Ruhun şad olsun. Həmişə atalar deyərdi: “Anaların borcunu heç nə ilə qaytarmaq olmaz”. Amma indi mən belə deyirəm ki, oğul, sənin borcunu heç nə ilə qaytara bilmərəm. Həyatda sənə nə əziyyət çəkmişəmsə halal edirəm. Sən də haqqını mənə halal elə!”
Ceyhunun ilk və son savaş gününün təfərrüatlarını döyüş yoldaşlarından biri, çavuş Şahin Mehdiyev belə nəql edir:
“Biz bir yerdə üç aya yaxın idi ki, təlim keçirdik. Komanda çox böyük ruh yüksəkliyi ilə çalışırdı. Demək olar ki, üç ay idi gecə-gündüz daim bir yerdə olurduq, komandirə məxsus olan heyətlə birlikdə. Ceyhun Həsənov Beyləqan rayonunda N saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışırdı. Ceyhunun şəxsi heyətində 80-ə yaxın canlı qüvvə var idi. Həmçinin Ceyhun Həsənov BMP komandiri də olub. Nankor düşmənlərimiz, yəni ermənilər atəşkəsi yenidən pozdular. Artıq bunları susdurmaq zamanı çatmışdı. Həmin anı gözləyən kapitan Həsənov Ceyhun komandirinin tapşırığı ilə 27 sentyabr 2020-ci ildə döyüşə hazırlaşdı. Ceyhun öz şəxsi heyəti və ona məxsus olan 7 BMP, 4 tank, bir neçə texnika ilə hərəkətə keçdi, şəxsi heyətini hərtərəfli təlimatlandırdı: “Biz güclü olmalıyıq, hamı bir nəfər kimi ardımca irəli”. Onu da demişdi ki, “ola bilər mənfur düşmən mən oturduğum BMP-ni vurar, amma mənim igidlərim, birdən dayanarsınız ki, mənə kömək göstərəsiniz. Sizə mən əmr verirəm və tapşırıram ki, dayanmadan irəli”. Necə demişdi, elə də oldu. Hücuma keçdik. Komandirin BMP-si öndə. Şiddətli döyüş gedirdi. Hər tərəfdən bizi atəşə tutmuşdular. Bir neçə texnikamız sıradan çıxdı. Şəhidlərimiz var idi. Buna baxmayaraq Ceyhun Həsənovun bacarığı sayəsində bir neçə yüksəkliyi aldıq, üç erməni postunu məhv etdik. Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşdə idik. Uğurlarımızı gördükcə sevincimizin həddi-hüdudu yox idi. Ermənilərin birinci eşalonunu darmadağın etdik. Komandirin hər an bir sözü var idi: “İgidlərim, arxamca, irəli”. Döyüş çox şiddətləndi. Mənfur düşmən hər tərəfdən hər növ silahdan istifadə edirdi. Bizi məğlub etməyə çalışırdı, amma ordumuz elə həvəslə vuruşurdu ki, belə ordunun qabağını kəsmək mümkün deyildi. Ağır artilleriyaların atılmasına məhəl qoymayan komandir koordinatları bir-bir mənə ötürürdü, mən həmin hədəfləri vururdum".
Şəhidin silahdaşı sözünə davam edir:
"Son nəfəsində belə dedi: “Şahin, sonuncu mövqeni vurduq?” Mən isə cavab verdim, "Bəli, komandir, vurduq". Gülümsəyərək əlimi sıxdı. Gözlərini yumaraq şəhidlik zirvəsinə yüksəldi. Mən özüm də yaralanmışdım. Sonra bilmədim necə oldu... Ceyhunda o qədər qəhrəmanlıq hissi, qorxmazlıq, mərdlik hissi var idi ki. Ona bu qəhrəmanlıq adı azdır. O, çox böyük hünərli, savadlı, həm də bacarıqlı idi. Ruhun şad olsun, Komandir!"
Şəhid atası Aydın kişi həm özünə, həm də başsağlığına gələnlərə təsəlli verir: “İndi o, tək bizim ailənin deyil, bütün Vətənin övladıdır.”