Mahmud Təhmasib oğlu Məlikov 1994-cü il aprelin 3-ü Neftçala rayon Xol Qaraqaşlı kəndində anadan olub. Mahmud ailənin yeganə oğul övladı olub.
Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbini bitirib. Baş leytenant, bölük komandiri olub. Mahmud hər zaman deyərdi ki, " mən də Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmaq istəyirəm ". Bu arzusuna çatan qəhrəman döyüşçümüz ucaldığı şəhidlik zirvəsiylə adını Azərbaycan tarixinə əbədi yazdırıb.
2-ci Qarabağ müharibəsi başlayandan döyüşlərə qatılıb. Sonuncu dəfə ailəsi ilə oktyabr ayının 11-i əlaqə saxlayıb, hər şeyin yaxşı olacağını deyib.
Döyüş zamanı bir çox qəhrəmanlıq göstərmiş və 29 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və doğulub boya-başa çatdığı Neftçala rayonunda son mənzilə yola salınıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mahmud Məlikov ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edildi.