Xasıyev Röyal Abuzər oğlu 1993-cü il, aprelin 19-da Şəkinin İkinci Biləcik kəndində anadan olub.
Röyal Xasıyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Artilleriya komandiri müharibə başlayan ilk günlərdən döyüşlərə qatılıb. Onunla eyni cəbhədə qardaşı Təmraz Xasıyev də döyüşüb. Röyal Xasıyev son döyüşdə ayağından yaralanıb. Onu hospitala göndərmək istəsələr də, razı olmayıb. Röyal Xasıyev 160 döyüşçü yoldaşını qəhrəmancasına mühasirədən çıxarıb. Füzuli uğrunda gedən döyüşlərdə 7 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Röyal Xasıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı, "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.