2021/05/Scree-1621113467.jpg

line
Adı: Ələsgərli
Soyadı: İlkin
Ata adı: Bəkir
Doğum tarixi: 14.10.1992
Şəhid olub: 30.10.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
İlkin Bəkir oğlu Ələsgərli 1992-ci il oktyabrın 14-də Şəmkir rayonunun Keçili kəndində anadan olub. 1999–2010-cu illərdə S. Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb.

İlkin Ələsgərli 2010–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Daha sonra xidmətini "gizir" hərbi rütbəsi altında davam etdirib. İlkin Ələsgərli 2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan İlkin Ələsgərli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn olunub.

Yaxınları şəhidin həyat hekayəsini bölüşür:

"İlkin 14 Oktyabr 1992-ci ildə Şəmkirdə anadan olub. Zəhmətkeş, fədakar bir uşaq olub. Güləşlə məşğul olurdu. Bir çox uğurlar qazansa da, maddi imkanın zəif olmasından davam edə bilmədi. Vətənə xüsusi bağlılığı var idi. Olduqca vətənpərvər, Vətənini canından çox sevən biri idi. Elə, bu sevgisi onu hərbiyə gətirir. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət üçün müraciət edir. Gizir kimi fəaliyyət göstərirdi.
Qardaşı deyir ki, "güclü ticarət edə bilirdi və heç nədən qorxmurdu. Pis vərdişləri - içkisi, siqareti yox idi".

Arzusu torpaqlarımızın azadlığı idi. Daha sonra isə ev tikib, ailə qurub, evinin yanında qəssabxana işlətmək istəyirdi.
"Vətən müharibəsi" başlayanda İlkin də hər bir Azərbaycan oğlu kimi irəli atılır. İrəliyə getməsinin səbəbi idi ki, döyüşlərin ilk günlərində yaralanır. Əvvəlcə Şirvan şəhərində müalicə alır. Müalicəsinin davamı üçün Gəncəyə göndərmək istəsələr də getmir. Döyüşlərə qayıtmağa tələsir. Qardaşı deyir ki, "yalvardım, dedim qal, müalicəni bitir, sağal sonra gedərsən... Dedi ki, yox, əsla! Yara müalicə vaxtı deyil. Əsgərlərim orada məni gözləyir, mənsiz minaya düşərlər."
Beləliklə, İlkin döyüş meydanına geri dönür. Füzuli-Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edir.
14 oktyabrda - ad günündə son dəfə zəng edərək, ailəsi ilə halallaşır. O gündən sonra bir də İlkinlə əlaqə saxlamaq mümkün olmur. İlkin canından çox sevdiyi, azadlığı üçün can atdığı Vətəni uğrunda qəhrəmancasına şəhid olur."
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığl və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İlkin Ələsgərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ələsgərli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ələsgərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.