2023/03/33510-1678454102.jpg

line
Adı: Nəsibov
Soyadı: Elmar
Ata adı: Şirzad
Doğum tarixi: 19.09.1987
Şəhid olub: 13.10.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Elmar Şirzad oğlu Nəsibov 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə orta məktəbi bitirən Elmar Nəsibovun uşaq vaxtlarından hərb sənətinə böyük marağı olub. Hərbi xidmətdən sonra Silahlı Qüvvələrdə işləməyə başlayıb. Doqquz illik xidməti dövründə Şəmkir, Qazax, Gədəbəy, Daşkəsən və Beyləqanda işləyib. Xidməti dövründə bir sıra təltiflərə layiq görülüb. Vətən oğlu torpaqlarımızın düşmən tapdağı altında qalması ilə heç vaxt barışmayıb. 44 günlük müharibənin ilk günündən ön cəbhədə olub.



"Şahin gözlü” ləqəbi ilə tanınan peşəkar snayper olan Elmar Nəsibov Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib, qüvvələrini məhv edib. Yaralı yoldaşlarını döyüş meydanından çıxarıb. Oktyabrın 12-də şəhidlik zirvəsinə ucalıb.

Şəhidin atası Şirzad Nəsibov oğlu ilə son danışığını belə xatırlayır: "Oğlum şəhid olmamışdan 2 gün qabaq danışdı. Bir az ağrıyırdım, uzanmışdım divanda. Məni həddindən artıq çox istəyirdi. Dedi ki, özündən muğayat ol. Dedim, mən erməninin yanında deyiləm, sənsən ermənini yanında. Son danışığımız oktyabrın 9-u axşam saat 7-8 radələrində oldu”.

Anası Sürəyya Mehdiyeva oğlunun şəhid olma xəbərini necə aldığını danışır: "Mən televizora hadisələrə baxırdım. Qızım zəng elədi ki, çölə bax. Axşamüstü idi. Heç ağlıma belə gətirmirdim. Baxdım dedim heç nə yoxdur. Dedi, ana tez bax. Qızımın burada sinif yoldaşları var, onlar bilibdilər. Heç kim risk edib deməyib. Ay ana çıx, bir bax. Baxıram görürəm qonşulardır. Ay ana, bu saat gəlirəm. Mən şübhələndim. Yoldaşıma dedim bir düş aşağı, gör nə var. Qız deyir ki, düşsün aşağı. Bloka çıxdım gördüm 3-4 qonşu söhbət edir. Mən heç bir reaksiya tuta bilmədim. Belə nəsə aşağı baxdım. Gördüm bayraq yellənir, artıq onda bildim”.

Elmarın bacısı Kəsirə xanım qardaşının yoxluğu ilə barışa bilmir. Onun üçün qardaşını itirmək çox ağırdır: "Qardaş itkisi çox ağır itkidir. Allah heç kimə nəsib etməsin. Qardaşımla bağlı çox xatirələrim var. Biz çox fərqli bacı-qardaş olmuşuq. Bunu hamı da bilir. Hamı da deyirdi. Düzdür bacı-qardaşlar bir-birlərini çox istəyirlər, amma bizdə bir fərqlilik var idi. Hamı qeyd edirdi ki, bunlar çox fərqlidirlər”.

Elmar qohumların və dostlarının da xatirəsində dərin izlər buraxıb.
Xalası qızı Məlahət Lalayeva deyir ki, axrıncı dəfə ad günündə ona təbrik mesajı yazsa da cavab almayıb: "Hər bir şeyini mənimlə bölərdi. Mən onunla axırıncı ad günü sentyabrın 19-da ona təbrik yazmışdım, mənə cavab yazmadı. Sonra ayın 28-i o mənə zəng elədi. Mən dedim Elmar, bəs mən səni təbrik eləmişdim. Sən heç vatsapa baxmamısan. Dedi, xalaqızı sağ ol, çox sağ ol. Və o mənə dedi ki, özündən muğayat ol. Hər o bura gəldikcə mütləq mənə dəyməliydi. Dəyməsəydi də, zəng etməliydi”.

Dostu Zaur Şahvələdov deyir ki, elə bir vaxt olmayıb ki, o məzuniyyətə gələndə bizi yad eləməsin: "O belə bir istiqanlı uşaq idi. Döyüş barəsində də onu deyə bilərəm ki, hərbidə çox yüksək nailiyyətləri olub. Özünəməxsus hərəkətləri olub. Çox güclü nişancı idi. Döyüş yoldaşları ilə də danışmışam. Yəni hərbidə özünəməxsus yerini qoyub getmişdi. Allah rəhmət eləsin bütün şəhidlərimizə”.

Elmar Nəsibovlar ailəsinin ilk şəhidi deyil. Belə ki, Elmar Nəsibovun şəhid olmasından iki həftə sonra əmisi Elməddin Nəsibov da 44 gün davam edən Vətən Müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalıb.

Elmar Nəsibov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Nəsibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Nəsibov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Nəsibov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

memorial.az