2021/05/Scree-1621143399.jpg

line
Adı: Əzimov
Soyadı: Cavanşir
Ata adı: Cəlal
Doğum tarixi: 23.05.1997
Şəhid olub: 03.10.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Cavanşir Əzimov 1997-ci ildə mayın 23-də Beyləqan rayonu Birinci Şahsevən kəndində dünyaya göz açıb. Şəhid anası Cəmilə Rəhimova söyləyir ki, Cavanşir evin son beşiyi idi, hələ uşaq vaxtlarından hərbçi olmaq arzusu ilə yaşayırdı. Çılğın uşaqlıq illəri olub, yeniyetmə və gənc çağlarında belə kənddə hər kəsin sevgisini qazanıb.

O, həqiqi hərbi xidməti bitirdikdən sonra könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi vətənin keşiyində dayandı. Vətən müharibəsində isə düşmən hücumunun qarşısının alınmasında şücaəti ilə seçildi. Cavanşir oxuduğu məktəbdə də hər kəsin sevgisini qazanmışdı. İndi onun adını daşıyan sinif də var. Mütəmadi olaraq məktəb kollektivi Cavanşirin xatirələri ilə dolu olan otağını ziyarət edir, şəhidin xatirəsi uca tutur.

Cavanşirin həqiqi hərbi xidmət vaxtı Aprel döyüşləri ərəfəsinə təsadüf edib. Elə vətən uğrunda döyüşmək sevincini həmin illərdə hiss edən Cavanşir qardaşı ilə əlaqə saxlayır ki, biz döyüşə yollanırıq, lakin qısa çəkən döyüşlərdə Cavanşir iştirak edə bilmir. Şəhidin qardaşı Cavid Əzimov bildirir ki, onun ən ülvi hisləri vətənlə bağlı idi. Ona görə də hərbçi olmağı seçdi. Döyüşlər başlamazdan əvvəl isə gizirlik kursunu bitirən Cavanşir snayperçi oldu. Döyüş yolu Füzuli istiqamətindən başlayan Cavanşir açdığı dəqiq atəşlərlə ermənilərin xeyli qüvvəsini məhv edib. Sonuncu dəfə qardaşının doğum günüdə zəng edən Cavanşir söyləyib ki, qələbə bizimdi, erməniləri torpaqlarımızdan qovuruq və hər şey yaxşı olacaq. Cavanşir oktyabrın 3-də gərgin döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cavanşir Əzimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cavanşir Əzimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əzimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.