2021/05/Nadir-1621144734.jpg

line
Adı: Soltanov
Soyadı: Nadir
Ata adı: Nəzir
Doğum tarixi: 11.04.1984
Şəhid olub: 27.09.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Nadir Nəzir oğlu Soltanov 1984-cü il yanvarın 11-də Şamaxı rayonunun Qəleybuğurd kəndində anadan olub. 1990-2001-ci illərdə M.Hadi adına 9 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Ailəli idi. İki qızı, bir oğlu yadigar qaldı.

Nadir Soltanov 2002-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2002-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra orduda gizir kimi fəaliyyətini davam etdirir. 15 il cəbhə bölgəsində qüsursuz xidmət etdiyi üçün bir çox diplom və fəxri fərmanlarla təltif olunur. Aprel döyüşlərində də qəhrəmanlığı ilə seçilən Nadirin ən böyük arzusu isə işğal altında olan torpaqlarımızı azad görmək idi. Nəhayət, Nadirin illərdir həsrətlə gözlədiyi gün gəlib çatır.

Azərbaycan Ordusunun giziri olan Nadir Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Nadir Soltanov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Soltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Soltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Soltanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.