Ağaəmi Elçin oğlu Heybətov 1993-cü il iyunun 6-da Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində anadan olub. O, 2000-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub, oxuduğu müddət ərzində məktəbin ən fəal şagirdləri sırasında yer alıb. Ağaəmi məktəb tədbirlərində, bilik yarışlarında iştirak edib, müəllimlərinin sevimlisi olmağı bacarıb və sertifikatlara layiq görülüb. Kiçik yaşlarında Buzovna qəsəbəsinin Dini İcmasının nəzdində yerləşən İmam Hüseyn məscidinin mədrəsəsində “Qurani-Kərim”in tədris kursunu bitirib və şəhadətnamə ilə təltif olunub. 2002-ci ildə Buzovna qəsəbəsində yerləşən 4 nömrəli Uşaq İncəsənət Məktəbinə qəbul olub, 2007-ci ildə qarmon kursunu bitirərək diplom alıb. Heybətov idmanın müxtəlif növləri ilə də məşğul olub.
Ağaəmi 2011-ci ildə 125 nömrəli tam orta məktəbin XI sinfini yüksək nəticə ilə bitirib və həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinin “Turizm və Otelçilik” ixtisasına qəbul olunub. Tələbəlik illərində də fəallıq göstərib, diqqət və məsuliyyətinə görə Qafqaz Resort Hotel tərəfindən sertifikata layiq görülüb. 2015-ci ildə universiteti bitirərək bakalavr dərəcəsi alıb. 2015- 2016-cı illərdə hərbi xidmətdə olub.
Hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərində könüllü iştirak edib. Bu barədə şəhidin ailəsi 4 il sonra şəhid olduğu vaxt xəbər tutub. Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra Ağaəmi müsabiqədən keçərək “Veysəloğlu” MMC-də işləməyə başlayıb. O, həmçinin Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyi “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC-də də fəaliyyət göstərib.
İgid qəhrəman 2020-ci il İkinci Qarağabağ müharibəsinin başlanması xəbərini eşidən kimi evdən xəbərsiz orduya yazılıb, könüllü şəkildə cəbhəyə gedib, 2020-ci il oktyabrın 16-da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə könüllü iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Həmin ilin oktyabrın 25-də yaşadığı Buzovna kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə"medalları ilə təltif edilib.
27 illik ömür yolunda adına layiq yaşamağı bacaran Ağaəmi igidliyi ilə ürəklərdə əbədi yaşayacaq!