Ceyhun Abbas oğlu İsmayılov 1985-ci il dekabrın 30-da Gəncə şəhərində anadan olub. 1993-2004-cü illərdə Gəncə şəhərində 44 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı.
Ceyhun İsmayılov 2004-2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən "gizir" hərbi rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun giziri olan Ceyhun İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun İsmayılov oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.