Romir Əliyev 14 may 1997-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi kəndində anadan olub. Ana tərəfdən moldovan idi. Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə hərbi xidmətə yollanıb. 2016-cı ildə hərbi xidmət müddətini bitirmiş və mülki şəxs olaraq fəaliyyətini davam etdirib.
27 sentyabr 2020-ci il başlanan Vətən Müharibəsində Romir Əliyev könüllü əsgər olaraq iştirak edib. Cəbrayılın, Füzulinin, Zəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub.
Romir Əliyev 21 oktyabr 2020-ci ildə Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Romir Əliyev ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.