Şəhidlik zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə var. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz.
Əliyev Ramid Kamal oğlu 09.02.1996-cı il tarixdə Lənkəran rayonu Şağlaser kəndində anadan olub.
26 oktyabr 2020-ci il tarixdə Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Lətif Əliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhid atası, İstisu qəsəbə tam orta məktəbinin coğrafiya müəllimi Kamal Əliyev min əziyyətlə böyütdüyü oğluna, nə böyük arzular bəsləmişdi. Lakin, şəhid atası olduğu üçün mətinliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir. Başını dik tutub, göz yaşlarını ovundurmağa çalışır. Dindirəndə həzin bir səslə pıçıldayır: “Onlarla belə oğul fəda edərəm Vətən uğrunda, təki Vətən sağ olsun!”
Gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan ana da “Vətən sağ olsun”, - deyir, oğlunun muzeyindəki bayrağımızdan, onun xatirəyə dönmüş şəkillərindən təskinlik tapır...