2021/05/90413-1621177387.jpg

line
Adı: Vəlizadə
Soyadı: Kamran
Ata adı: Əkpər
Doğum tarixi: 14.09.1996
Şəhid olub: 23.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı
Kamran Əkbər oğlu Vəlizadə 1996-cı il, sentyabrın 14-də Lənkəran şəhərinin Nərimanabad kəndində dünyaya göz açıb. Ailənin ilk övladı bacısı Rüfanə, ikinci və sonbeşik isə Kamran olub. Kamran 2004-cü ildə şəhid Elmar Məmmədov adına tam orta məktəbdə təhsil almağa başlayıb. 2014-cü ildə məktəbi bitirib.



Həmin il Neft Akademiyasının energetika fakultəsinə qəbul olub. Kamrandan ayrı qala bilməyən ailəsi onunla bərabər Bakı şəhərinə köçüb. 2018-ci ildə universiteti bitirən Kamran hərbi xidmətə gedib. Daşkəsənin Xoşbulaq kəndində 1 il xidmət edib. 2019-cu il iyulun 1-də xidmətini başa vurub, evinə qayıtdıqdan sonra müəyyən işlərdə çalışıb. 2020-ci il 24-cü ad günündə sənəti üzrə işə daxil olub. Lakin həmin işdə cəmi 14 gün çalışıb.



Sentyabrın 28-də Səfərbərlik Xidmətinin çağırışı ilə Vətən Müharibəsinə yollanıb. Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Anası ilə son danışığı oktyabrın 18-də olub. Anası oğlunun dönüşünə qurban deyib. 2 gün sonra isə Kamran atasına zəng vuraraq, istiqaməti dəyişəcəklərini söyləyib. Bu, Kamrandan gələn sonuncu zəng olub…

Oktyabrın 24-ü Kamranın anası qəribə bir narahatlıq hiss edir. Kamranın susan zəngləri o narahatlığı anbaan artırır. Kamranı axtaran ailəyə hərə bir söz deyir. Nə qədər çalışsalar da, Kamrandan xəbər ala bilmirlər. Günlər ötdükcə ümidlər payız yarpaqları kimi bir-bir qopub düşür...



Qələbə günü Kamranın atasına zəng edib, sənədlərlə bağlı bəzi suallar verirlər. Ailə gecə ilə Kamrandan bir xəbər almaq ümidi ilə yola çıxır. Həmin vaxt Kamranın əmisinə artıq acı xəbəri çatmışdı.



Kamran ömrünün son anlarında ailəsinə məktub yazıb. Məktubda anasına, atasına müraciət edib:
“Canım atam, anam, bacım.
2 gündür yaralıyam, kömək də gəlmir. Bu gün 23 oktyabrdır.
21 oktyabrda yaralandım. Çoxu şəhid oldu. Mən də ayağımdan yaralıyam, yeriyə bilmirəm, qalmışam burada.
Əgər şəhid olsam haqqınızı halal edin, heç vaxt pis olmayın. Başınızı dik tutun. İnşallah cənnətdə görüşərik”.



Cəbhə dostları deyirlər ki, Kamran Vəlizadə hərbi xidmətdə nümunəvi əsgər olub.



Qüsursuz xidmətə görə 9 fərqlənmə diplomu alıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamlarına əsasən "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.