Torpaqlarımızın erməni işğalçılarından azad edilməsində igid gənclərimiz rəşadətlə vuruşub, düşmənə sarsıdıcı zərbələr endirib, lazım olanda Vətən yolunda həyatlarını belə qurban verməkdən çəkinməyiblər. Belə gənclərdən biri də Lənkəran Regional Elmi Mərkəzinin işçisi Mahsun Zahir oğlu Bağırzadədir.
Şəhid Mahsun Bağırzadə 1996-cı ildə Lənkəran rayonunun Xanbulan kəndində doğulub. Orta təhsilini Xanbulan kənd adına orta məktəbdə alıb. 2020-ci ilin iyulunda Tovuzda baş vermiş döyüşlər zamanı könüllü Orduya yazılıb və sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı zamanı ürəklə döyüşlərə atılıb.
Qardaşı Mahir Bağırzadə Mahsun haqqında deyir: “Onu yola salanda gülə-gülə söylədi ki, qəti narahat olmayın, onlara gücümüzü göstərməyin əsl vaxtıdır, erməni işğalçıların dərsləri verilməlidir ki, bilsinlər, kim kimdir”.
Mahsunun sorağı öncə Ağcabədidən, sonra Füzulidən gəlib. Fürsət tapan kimi zəng edirmiş. Atası özünə yer tapa bilmir. Deyir: “Elə bil özü, gülə-gülə şəhid olmağa getdi. Çox çətindir, amma şəhid adı ilə əbədi bir ad qazandı oğlum. O bizim səcdəgahımızdır. Bundan sonra tək mənim deyil, bütün Azərbaycanın oğludur”.
Şəhidimizin əsas döyüş yolu Füzulidən keçib. Bir sıra kəndlərin alınmasında mahir pulemyotçu kimi ermənilərə qan uddurub. Füzulidə gedən ağır döyüşlərdə xüsusi fəallıq göstərib, sona qədər vuruşaraq, qəhrəmancasına şəhid olub.
Mahsun canından əziz bildiyi vətən torpağına tapşırılarkən onunla vidalaşmağa gələnlərin sayı-hesabı olmayıb. Rayon rəhbərliyi, hərbi komissarlıq, işlədiyi AMEA Lənkəran REM-nin kollektivi, rayonun sayılıb seçilən ziyalıları və əlbəttə, dogma kəndin sakinləri qəhrəman övladlarını son yola salmağa gəlmişdilər…
Mahsunun şəhid olması xəbəri işlədiyi AMEA Lənkəran Regional Elmi Mərkəzində də böyük hüznlə qarşılanıb, hamının sevimlisi olan Mahsunun şəhid olması onları da dərin kədərə qərq edib. Lənkəran REM-nin direktoru, professor Fərman Quliyev Mahsunun işgüzar olmaqla yanaşı, hamının sevimlisi olduğunu, verilən bütün tapşırıqları həmişə yüksək səviyyədə yerinə yetirdiyini söyləyir: “Çalışqanlığı ilə böyükdən-kiçiyə hamının hörmətini qazanmışdı. Belə gənc yetişdirdiyinə görə Bağırzadələr ailəsinə minnətdarlığımı bildirirəm”.
Professor mərkəzdə onun xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb.
Sərraf TALIBOV, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı.