Raqim Teymur oğlu Hadıyev 1999-cu il martın 19-u Lənkəran rayonunun Alazepin kəndində anadan olub. Orta təhsilimi Alazepin kənd məktəbində aldıqdan sonra hərbi xidmətə yollanıb.
Raqim 27 sentyabrda başlayan Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq Hərbi Komissarlığa müraciət edib və müraciəti qəbul edilib. Raqim Hadıyev Füzuli, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Noyabrın 4-ü Qubadlı uğrunda gedən döyüşdə şəhadət şərbətini içərək şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqim Hadıyev ölümündən sonra "Vətən uğrunda" medalı, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları, Prezident İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib.