2021/09/sanan-1632077967.jpg

line
Adı: Əhmədov
Soyadı: Sənan
Ata adı: Qalasən
Doğum tarixi: 15.02.1988
Şəhid olub: 11.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda ordumuzun əks-hücum əməliyyatında şəhidlik zirvəsinə ucalanlardan biri də Sənan Qalasən oğlu Əhmədovdur.

Sənan Əhmədov 1988-ci il, fevralın 15-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub.1994-2005-ci illərdə F.Şıxalıyev adına Bağırlı kənd tam orta məktəbində təhsil alıb. 2006-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kursuna daxil olub. 2008-ci ildə bu kursu müvəffəqiyyətlə başa vuran Sənan Əhmədov “N” saylı hərbi hissədə tank tağımında MAHHXQ (Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu) kimi xidmətə xidmətə başlayıb. 2015-ci ildə müqavilə müddətinin başa çatması ilə əlaqədar Ordu sıralarından ehtiyata buraxılıb.

2019-cu ildə hərbçi həyatı onu yenidən özünə cəlb edir. Cəbhədə baş verən hadisələrə biganə qala bilməyən MAHHXQ Sənan Əhmədov zirehli tank texnikası sürücü-mexaniki kimi xidməti fəaliyyətini davam etdirməyə başlayır.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə qoşulur, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edir.

Sənan Əhmədov Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Alxanlı, Mahmudlu, Xocavənd, Qaraxanbəyli istiqamətində gedən döyüşlərdə düşmənin onlarla hərbi texnikasının (BT-1, T-72, OQE-1) məhv edilməsində və saz vəziyyətdə ələ keçirilib qənimət kimi gətirilməsində cəsurluq nümayiş etdirir.

Sənan barəsində Hərbi hissənin zirehli tank xidməti rəisi kapitan Məmməd Həsənovun deyir: “Tankçı MAHHXQ Sənan Əhmədov torpaqlarımızın azad olması əməliyyatında düşmənin 24 ədəd tank və digər zirehli texnikasının, 12 ədəd hərbi avtomobilinin sıradan çıxarılmasında, xeyli sayda texnikanın saz vəziyyətdə ələ keçirilməsində misilsiz hünər sahiblərindən biri idi. O, idarə etdiyi tankın təmirinin bitməsini gözləməz, döyüş üçün yararlı başqa bir tanka atılar, irəli şığıyar, düşmənin başına od ələyərdi. Mən bunun dəfələrlə şahidi olmuşam”.

Sənanın son döyüşü Füzulinin Qaraxanbəyli kəndi istiqamətində olub. Tankçılarımızın həmləsindən sonra döyüş səngiməmiş düşmənin atıb qaçdığı tankı yedəkləyib, mövqelərimizə tərəf çəkib gətirərkən, düşmənin minamyot atəşinə tuş gəlib. 11 oktyabr, 2020 -ci ildə şəhid olub. O, Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra dövlət başçısı tərəfindən “Vətən uğrunda” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimizin İbrahim, Həmid və Nuray adlı üç övladı yadigar qalıb.