Mətləb Zülfüqar oğlu Əkbərov 2001-ci il yanvarın 21-də Siyəzən rayonunun Yenikənd kəndində dünyaya göz açıb. Ailədə bir bacı, bir qardaş olublar.
2019-cu ilin yanvarında əsgərliyə yollanan Mətləb xidmətdə fərqləndiyinə görə təltif edilib. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işləməyə başlayıb. Vətən müharibəsi başlayanda isə Füzuli istiqamətində döyüşlərə atılan həmlə qruplarında yer alıb.
“Hərbi xidmətinin bir ili tamam olanda mənə bildirdi ki, qalıb işləmək istəyir. Ona dedim ki, evin tək oğlusan, mən də evdən uzaqda işləyirəm. Amma əsgərliyi bitirib evə gəlmədi. Hərbi hissədə qalıb işləməyə başladı. Məzuniyyətə gəldi. Qayıdıb gedəndən sonra da Vətən müharibəsi başladı. Döyüşlərdə olduğunu bizdən gizlədirdi. Bir dəfə zəng edəndə anasından uzaqlaşıb dedim ki, Mətləb mənə düzünü söylə. Döyüşdə olduğunu bildirdi, amma xahiş etdi ki, anasına deməyim. Füzulidə döyüşürdü” , - deyə şəhidin atası Zülfüqar Əkbərov söyləyib.
Mətləb Əkbərov Vətən müharibəsində Füzuli, Xocavənd istiqamətində döyüşlərdə qəhrəmanlıqla döyüşüb. Hamının şən, gülərüz biri kimi tanıdığı 19 yaşlı qəhrəman düşmənlə savaşda əsl xarakterini ortaya qoyub. Döyüş yoldaşları Mətləbin qisas hissi ilə alışıb-yandığını, düşmənə göz açmağa imkan vermədiyini bildirib.
“Harada olduğunu bizə bildirməzdi. Amma hər gün imkanı olan kimi zəng edirdi. Bir dəfə yalvardım ona ki, Mətləb mən təkəm. Bacın da ailə qurub. Mən sənsiz neynəyərəm? Qayıdıb mənə dedi ki, ana, burada mənim kimi tək oğullar çoxdur. Vətən üçün nə lazımdırsa, canla-başla edəcəyik. Oğlumla fəxr edirəm” , - deyə şəhidin anası İradə Əkbərova söyləyib.
Mətləb silahdaşları ilə birgə Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla savaşıb.
Qorxmaz əsgər oktyabrın 9-da Füzuli istiqamətində gedən döyüşdə düşmənin snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamları ilə Mətləb Zülfüqar oğlu Əkbərov ölümündən sonra
"Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və
"İgidliyə görə" medalları ilə təltif edilib.