2021/05/12415-1621182137.jpg

line
Adı: Murad
Soyadı: Hüseynzadə
Ata adı: Mahmud
Doğum tarixi: 08.01.1998
Şəhid olub: 11.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı
Hüseynzadə Murad Mahmud oğlu 8 yanvar 1998-ci il tarixdə Lənkəran rayonu, Şağlasər kəndində anadan olub.

30 il həsrətində olduğumuz Zəfər sevincini qanları bahasına 44 günə bizə yaşadan igidlərin sırasında 22 il bundan əvvəl Lənkəran rayonunun Şağlaser kəndində dünyaya göz açmış Murad Mahmud oğlu Hüseynzadə də var.
Vətənə, torpağa sevgi ilə böyüyən Murad orta məktəbi başa vuranda hamı onun xalqa fayda vermək əzminə, sağlam əqidəsinə, gözəl əməllərə can atmasına heyran kəsilir. Murad 2013-2015-ci illərdə Lənkəran Zabitlər Evində oxumaqla “Tibb təlimatçısı” ixtisasına yiyələnib. Lənkəran rayonlararası narkoloji xəstəxanada tibb qardaşı kimi çalışıb.

Həqiqi hərbi xidmətə də əzəli yurd yerimiz olan Qarabağı azad görmək arzusu ilə yola düşür.
Murad cəbhə xətində Vətən qarşısında borcunu şərəflə verir. Qulluq dövründə çətin məqamlarda belə müqəddəs saydığı Vətən torpağına sipər, yağı düşmənə çəpər olmağı bacaran igid kimi tanınır. Erməni işğalçılarına nifrət bəsləməklə, zəfər günümüzə də ürəkdən inanır. Elə bu, inamla əsgəri xidmətini üzüağ başa vurub evinə dönür. Lənkəran Regional Narkoloji Xəstəxanasında ixtisası üzrə çalışır. Gözəl həyat naminə öz işinə təmiz, ulu duyğularla yanaşır. Qapısını döyənə səmimi, təmənnasız münasibət göstərir. Bacardıqca insanlara yaxşılıq etmək onun həyat kredosuna dönür.
Azərbaycan torpaqlarının azadlığı uğrunda ikinci Qarabağ müharibəsi başlananda Murad cəbhəyə yola düşür. Vətəni öz qanı bahasına yaşadan oğullarla Füzuli istiqamətdə yağıya qan uddurur. Məğlub olan işğalçılar rayonu tərk edib silah-sursatlarını belə götürmədən qaçırlar. Füzuli tamamilə azad edilir. Üç rəngli Azərbaycan bayrağı orada dalğalananda Murad başda olmaqla bütün Vətən oğulların ürəyi dağa dönür.
Murad bundan sonra Cəbrayılın, Qubadlının hər qarışı uğrunda əzmlə mübarizə aparır. 33 gün odun-alovun içində ağır döyüş yolu keçir.
11 noyabr 2020-ci ildə Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhid olub.
"Vətən uğrunda" , "Cəbrayılın azad edilməsinə görə" "Qubadlının azad edilməsinə görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.