Elvin Dayandur oğlu Məmmədov 1988-ci il sentyabrın 5-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun çavuşu kimi Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Elvin Məmmədov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Şuşanı görmək onun arzusu idi, arzusuna çatıb və anasına zəng vuraraq, xoşbəxtliyini onunla bölüşüb.
Ailəli idi. 2 oğlu vardı, qız övladının da olmasını arzulayırdı. Arzusuna çatdı, amma təəssüf ki, qızını görə bilmədi... Qızı onun şəhadətindən sonra dünyaya gəldi.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Elvin Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "İgidliyə görə", “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları ilə təltif edilib.