2021/05/rgrgr-1621945330.jpg

line
Adı: Alməmmədov
Soyadı: Təbriz
Ata adı: Letman
Doğum tarixi: 28.11.1995
Şəhid olub: 07.11.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
44 günlük Vətən Müharibəsi bizə minlərlə qəhrəmanımızı yaxından tanıtdı. Onların şücaətləri tarix boyu xalqımızın yaddaşından silinməyəcək. Təbriz Alməmmədov da onlardan biridir.

Təbriz Letman oğlu Alməmmədov 1995-ci il noyabrın 28-də Sumqayıt şəhərində anadan olub. Sentyabrın 27-dən etibarən ordumuzun əks-hücum əməliyyatlarında qəhrəmanlıqla döyüşüb. Sentyabrın 29-da qəlpə yarası alan Təbriz bir müddət hospitalda müalicə alıb, sonradan isə yenidən döyüşlərə qatılıb.

Şəhidin atası Letman Alməmmədov övladları haqqında fəxarətlə danışır: “Döyüş başlayandan 2 gün sonra yaralanmışdı, gəlib 25 gün yatdı. Müalicə aldı. Sonra da gedəcəyini dedi: "Uşaqları orada buraxa bilmərəm, gedim döyüşə". Sağalandan kimi getdi. Axırıncı dəfə Hadrutdan bizə zəng etmişdi”.

Şəhidin anası Gülnarə Cəfərova oğlunun uşaqlıq illərindən hərb sənətinə böyük maraq göstərdiyini deyir. Təbriz uşaq vaxtından kəşfiyyatçı olmaq istəyirmiş. Müharibənin ilk günlərindən ön xətdə olub: “Hər dəfə də mən ondan soruşanda, deyirdi, ana, birincisi, əsgər valideyni olmaq hər valideynin işi deyil. İkincisi də, əgər şəhid gəlsəm, həmişə başınızı uca tutun. Sonuncu dəfə mənimlə Hadrutdan danışdı. Dedi, ana, burada uşaqlarla oturmuşuq, çörək yeyirik. Dedi ki, artıq sondur, bir az da dözün, sağ-salamat qayıdıb gələcəyik evimizə. Ayın 1-dən sonra uşaqla əlaqə kəsildi. Bir də ayın 10-da bizə səhər-səhər xəbər verdilər ki, Təbriz şəhid olub”.

Təbrizin son döyüşü noyabrın 7-də Şuşa istiqamətində olub. Anası deyir ki, döyüş yoldaşlarının sözlərinə görə, bir neçə düşməni məhv edərək irəliləyən Təbriz yaralı yoldaşını döyüş meydanından çıxararkən, snayper gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə yüksəlib. Deyib ki, "Allahverdi yaralanıb, gedirəm onu götürəm". Deyiblər Təbriz, ehtiyatlı ol, snayper güdür. Amma razılaşmayıb, "sürünə-sürünə gedirəm, oradan Allahverdini götürməliyəm",- söyləyib. Beş dəqiqədən sonra Təbrizi səsləyəndə artıq cavab gəlməyib.

Təbriz qonşularının, dostlarının da sevimlisi olub. Onu itirmək yaxınları üçün çox ağırdır. Təbriz onların xatirələrində daim yaşayacaq: "Gözümüzün qabağında böyüyən, çox tərbiyəli, ağıllı uşaq idi. Böyüyəndən sonra da böyüyə-böyük, kiçiyə-kiçik bir gənc idi. Həm də o, uşaq yaşından həddindən artıq çox böyük görünürdü. Təzə düzəlmişdi hərbiyə, müharibə başladı. İlk döyüşlərdə yaralandı, elə Şirvana hospitala gətirdilər. Tam sağalmamışdı yaraları. Ayağında qəlpələr, başının qəlpəsi təzə götürülmüşdü. Evdəkilərə xəbər vermədən o, hospitaldan getmişdi. Hərbidə olmağı, şəhidlik zirvəsinə ucalmağı çox arzulayırdı. Allah şəhidlik zirvəsini ona qismət elədi. Allah bütün şəhidlərə rəhmət eləsin. Təbriz də onun içində."

25 yaşlı Təbriz Alməmmədov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Alməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Alməmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Alməmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Alməmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.