Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Tərlan Fətullayevdir.
Tərlan Amanşah oğlu Fətullayev 1989-cu il mayın 15-də Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Tərlan Fətullayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Tərlan Fətullayev oktyabrın 25-də Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tərlan Fətullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tərlan Fətullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.