Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan şəhidlərdən biri də Feyruz Hacılıdır.
Hacılı Feyruz Bəhruz oğlu 4 mart, 1994-cü ildə Bakı şəhərində anadan olub.. Orta məktəbi bitirdikdən sonra Tibb Universitetinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib.
Sentyabrın 27-də başlayan Vətən müharibəsini eşidən Feyruz tələsik öz işlərini qaydasına salaraq, qohumlarından, ata-anasından halallıq alıb, sanki şəhid olacağı ürəyinə damıb.
Sentyabrın 30-da ona Hərbi Səfərbərlikdən çağırış gəlib və orduya yollanıb. Füzuli və Hadrut istiqamətində qızğın döyüşlərdə iştirak edib. Oktyabrın 14-də ayağının şah damarından qəlpə yarası alıb, həmin ayın 17-də şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Hacılı Feyruz Bəhruz oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.