Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Natiq Məmmədbəylidir.
Məmmədbəyli Natiq Vahid oğlu 18.07.1993-cü ildə Xəzər rayonu Şağan qəsəbəsində anadan olub. 2011-ci ildə hərbi xidmətə yollanan Natiq Murovdağda xidmət edib. 29 sentyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə qatılıb. Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. 20.10.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Məmmədbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Məmmədbəyli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.