Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur.
İmamverdiyev Nicat Məhərrəm oğlu 1995-ci ilin 19 fevralında anadan olub. O,evin illərlə arzulanan tək övladı idi.
Anası İsmayılzadə Çimnaz Güləli qızı deyir:"Gözümüzün ağı-qarası, yeganə övladımız idi. Şəki “Ekonom market” mağazasında çalışırdı, ancaq bu hadisələrdən (27 sentyabr) qabaq işdən çıxmışdı. Oğlumuz hərbi komissarlıqdan çağırılaraq, döyüş bölgəsinə göndərildi. Ondan başqa övladımız olmadığı üçün biz onun getməyinə bir az narazı idik.
30 sentyabrda komissarlığa çağırılan Nicata: “Səni qeydiyyata aldıq, özümüz mesaj yollayacağıq”,- demişdilər. Biz onun yenidən çağırılacağı günü gözləyirdik. İki gün sonra sahə inspektoru gələrək, dedi ki, məni İH-dan yollayıblar. Nicat hərbi komisarlığa getməlidir.
Oktyabrın 5-dən 15-nədək biz Nicatla telefon əlaqəsi yarada bilmişdik. Sonra əlaqə kəsildi. Onun harada olduğu barədə də heç bir məlumatımız yox idi. O, bunun hərbi sirr olduğunu deyib, yerini bildirməkdən imtina edirdi.
Biz hərbi komissarlığa, Tahir müəllimin yanına gedərək, oğlumuzun harada olduğunu soruşduq. O isə bizə bildirdi ki, oğlunuz Bərdədə N saylı paylama məntəqəsindədir.
Oktyabrın 21-də bizə xəbər gəldi ki, Nicat qəhrəmancasına vuruşaraq, həlak olub.
Dayım İmamverdiyev İbrahim Bərdəyə gedərək, onun nəşinin tanınmasını təsdiqləyib. Məhəlləmizdən bir çox uşaqlar da onun nəşini gətirmək üçün oraya getmişdilər. Küçəmizdə hamı onu sakit olduğuna, böyüklərə daim hörmətlə yanaşdığına görə çox sevirdi. Çox ünsiyyətcil, ağıllı oğlan idi.
Kaş ki, mən yavan çörək yeyəydim, kaş, küçələrdə yaşayaydım, lakin aman-zaman bircə övladım bizimlə olaydı. O, bizim tək övladımız olmasına baxmayaraq, heç vaxt ərköyünlük etməzdi, evin bütün xərclərini ödəməyə çalışardı. Nicatımın yeri hər an, hər saniyə görünür.