2021/09/ulvi--4895455761.jpg

line
Adı: Ağayev
Soyadı: Ülvi
Ata adı: Valeh
Doğum tarixi: 09.03.1993
Şəhid olub: 21.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Ülvi Valeh oğlu Ağayev 1993-cü il martın 9-da Göyçayda doğulub. O, müharibənin ilk günlərində döyüşçü kimi ön xəttə gedə bilməsə də, əsgərlərimizə mənəvi dəstək üçün dostları ilə bərabər onların yanına yollanmışdı. Sentyabrın 30-da isə könüllü olaraq ordu sıralarına yazılıb, döyüş əməliyyatlarında iştirak edib.

Şəhid Ülvi Ağayevin bibisi oğlu Elnur Talıbov deyir ki, general-mayor Polad Həşimov şəhid olduqdan sonra Ülvi adını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində könüllü kimi yazdırmışdı: “Amma İkinci Qarabağ müharibəsi başladıqdan sonra dəfələrlə hərbi komissarlığa müraciət etsə də, onu aparmadılar. Ülvidən fərqli olaraq onun həmkəndlilərinə çağırış gəlmişdi. Həmkəndlilərini yola salmağa gedərkən o da avtobusa minərək hərbi hissəyə yollanmışdı. Bizdən təkidlə xahiş etdi ki, hərbi hissəyə çatana qədər atasının və yaxın qohumlarının xəbəri olmasın. O, hərbi hissəyə çatdıqdan sonra dayıma Ülvinin müharibəyə getdiyini dedik”.


Ülvi bacısı Fidana hərbi hissəyə çatanda zəng vuraraq, cəbhəyə yollandığını söyləyib. Fidan ona “bəs niyə demədin, axı, biz tək idik, səndən başqa heç kimimiz yox idi” deyəndə, Ülvinin cavabı belə olur: “Səni qorumağa gedirəm, Vətəni qorumağa gedirəm. Özündən muğayat ol, hər şey yaxşı olacaq”.


İyirmi gün şərəfli döyüş yolu keçən Ülvi oktyabrın 19-dan 20-nə keçən gecə şəhidlik zirvəsinə ucalır. “Düzdür, mənim üçün ağırdır, çox çətindir, amma o qədər də qürurlu və şərəflidir. Çünki qardaşım şəhidlik zirvəsinə ucalıb”, - deyə Fidan vurğulayır.


Şəhidin bibisi Firuzə Səfərova isə deyir ki, Ülvi bir neçə il əvvəl anasını və qardaşını itirmişdi: “Ülvi bizimlə fəxr edirdi, indi də biz onun zirvələrə qalxmağı ilə fəxr edirik. Halbuki özü həyatda yoxdur, amma adı göylərdə və zirvələrdədir. Vətənimiz sağ olsun, xalqımız sağ olsun. Allah atasına səbir versin. Düzdür, atası tək qaldı, amma özü zirvələrə yüksəldi”.


Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ülvinin doğulduğu kənddə onun adına bulaq açılıb.