Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Ramil Ağayevdir.
Ramil Ağarəhim oğlu Ağayev 20 sentyabr 1994-cü ildə Sabirabad rayonunda dünyaya gəlmişdi. Ailənin yeganə övladı idi, dünyaya gəlişini çox gözləmişdilər onun, gözlərə, könüllərə sevinc bəxş edən bu körpə hamının sevimlisi idi. Hər tərəfdən məhəbbət və qayğı ilə dövrələnən uşaq ayla, günlə boy atıb böyüyürdü. 2000-ci ildə ilk dəfə məktəb kandarına ayaq basanda ata-ananın sevincinin həddi-hüdudu olmamışdı…
O, orta məktəbi yaxşı qiymətlərlə başa vurub, 2012-ci ildə Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə daxil olur. Özünün müsbət keyfiyyətləri ilə xarakterizə olunan Ramili oxuduğu təhsil ocağında da sevir, hörmət edirdilər. 2016-cı ildə ali təhsilini uğurla başa vuran gənc memar, vətən qarşısında borcunu vermək üçün həqiqi hərbi xidmətə yollanır…
Hərbi xidmətini Biləcəridəki “N” saylı hərbi hissədə sürücü kimi keçirən Ramil, özünün nümunəvi davranışı, bacarığı ilə komandanlığın hörmətini qazanmışdı. Əsəgrliyini başa vurub geri dönərək Digah qəsəbə icra nümayəndəsinin müavini kimi işə başlayır. Ünsiyyətcilliyi, mehribanlığı onun əhali arasında hörmət və nüfuzunu qaldırır. Hər bir vətəndaşın problemini özününkü hesab edən bu gənc memar, tezliklə vəzifə pilləsində də yüksələ bilir. Bu dəfə Abşeron Rayon İcra hakimiyyətində böyük məsləhətçi kimi işə qəbul edilir…
Torpaqlarımızın düşmən əlində olması, son vaxtlar isə erməni tərəfinin daha da həyasızlaşaraq sərhədyanı bölgələrin dinc azərbaycanlı əhalisini atəşə məruz qoyması, bu zaman günahsız insanların qətlə yetirilməsi onun da səbrini daşırır, düşmənə olan kin və nifrət hissini daha da artırırdı. Hiss edirdi ki, Azərbaycanın ayağa qalxacağı, düşmənin layiqli cavabını verəcəyi gün uzaqda deyil…
İkinci Qarabağ müharibəsi başlanarkən Ramil Yasamal Rayon hərbi komissarlığı tərəfindən səfərbərliyə çağırılır və canı qədər sevdiyi vətənin müdafiəsinə qalxır. O, ailənin yeganə övladı olmasına baxmayaraq elə birinci gündən döyüşlərə qatılır. Döyüşlərə Füzuli istiqamətindən başlayan Ramil düşmənin qurduğu istehkamların yarılmasında, canlı qüvvəsinin məhv edilməsində, yaralı yoldaşlarının döyüş meydanından çıxarılmasında xüsusi igidlik və qəhrəmanlıq göstərib.
Lakin 13 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən ağır və şiddətli döyüşlərdə ağır yaralanaraq şəhidlik məqamına yüksəlib və qanı ilə tarix yazan oğulların sırasına qoşulub. Sevdiyi Vətənin ərazi bütövlüyü uğrunda şəhid olan Ağayev Ramil Ağarəhim oğlu Sabirabad rayonunda torpağa tapşırılıb.
Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailəli idi, bir qızı əmanət qalıb…