Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də İlqar Ramazanlıdır.
Ramazanlı İlqar Etibar oğlu 2 noyabr 1994-cü ildə anadan olub.
Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Qursalı kəndindəndir.
Azərbaycan Ordusunun əsgəri olan İlqar Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. İlqar Ramazanlı 03.11.2020-ci ildə Şuşa uğurunda gedən döyüşlərdə həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Ramazanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İlqar Ramazanlının anası Sevinc Ramazanlı deyib ki, İlqar sentyabrın 29-u çağırış idarəsinə gedərək cəbhəyə yollanmaq üçün təkid edib:
“Mən oğlumun könüllü yazıldığından xəbər tutmamışdım. Sentyabrın 26-ı gəlib, “Ana, sənə şad xəbərim var, muştuluğumu verərsən”,-dedi. Nə olduğunu soruşanda, “Mən səfərbərliyə könüllü yazılmışam”,-dedi. Onu eşidəndə bilmədim ağlayım, ya nə edim. Axı mənim bircə oğlum var idi, dayağım yox idi”
Sevinc ana oğlunun döyüş yolundan da söz açıb:
“İlk əvvəl onlar Füzuliyə aparılıb. Sonra 2-3 gün Ağdərədə olublar. Daha sonra isə Xocavənd-Şuşa istiqamətində döyüşüblər. Noyabrın 2-i ad günü idi, 3-ü Şuşa uğrunda gedən döyüşlərdə balam şəhid olub”.
Anamız ilk 17 gün oğlundan xəbər tuta bilməyib. Danışanda isə söhbətləri qısa olurmuş. İlqar döyüşlər haqqında bircə kəlməni belə anası ilə bölüşmürmüş:
“Müharibədən danışmırdı. “Əlavə suallar vermə”-deyirdi. Sonuncu dəfə isə 8 gün danışa bilmədik”.