44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Samir Muradovdur.
Samir Tahir oğlu Muradov 1995-ci ilin dekabr ayının 30-da Siyəzən şəhərində anadan olub. 2013-cü ildə şəhər 3 saylı tam orta məktəbi bitirib. 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb.
Kəşfiyyat bölüyündə xidmət edib. 2015-ci ilin iyul ayında ehtiyata buraxılıb. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Bakı şəhərində tikinti şirkətlərinin birində dəmirçi işləyib. Son vaxtlar isə iaşə obyektlərinin birində çalışırdı. Vətənin çağırışına dərhal cavab verərək müharibənin ilk günlərindən Samir döyüşlərə qatılıb.
Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərin iştirakçısı olub.
Oktyabr ayının 22-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə Samir öz şirin canını Vətənə fəda edərək şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.