Rüfət 1994-cü il sentyabrın 16-da Bakının Zabrat qəsəbəsində anadan olub. 192 saylı orta məktəbi bitirib. Futbol həvəskarı idi. Zabrat həvəskar futbol klubunun üzvü olub. Ailəcanlı, vətən sevdalısı bir oğul idi. Anasının və bacısının tək ümid yeriydi Rüfət...
Vətən müharibəsinin ilk günlərindən – sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlə Xidməti tərəfindən hərbi xidmətə çağırılıb, ə qızğın döyüşlərə qatılıb. Azərbaycan Ordusunun əsgəri Rüfət Eyvazlı Füzuli, Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və cəsarətli döyüşçü kimi hər zaman ön cərgələrdə olub. Yağı düşmənin birinci istehkam xəttinin darmadağın edilməsi əməliyyatlarında iştirak edib. Rüfət Eyvazlı 2020-ci il oktyabrın 12-də Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ondan geridə qalan şirin xatirələr, bir də azadlığına qovuşmuş Vətən torpaqlarıdır.
Azərbaycanımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qəhrəmancasına mübarizə apardığ üçün Rüfət ölümündən sonra
"Vətən uğrunda" və
"Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Rüfətin arzuları yarımçıq qalsa da 26 illik qısa ömrünü şərəflə başa vurub. Bir millətin and və güvənc yerinə çevrilib. Məzarı I Zabrat qəbristanlığındadır. Tariximizin şanlı səhifəsini yazan şanlı bir əsgər kimi uyuyur. Onlar ölmədilər. Şəhidlər ölməzlər. Şəhidlər Vətən kimi əbədi yaşarlar. Vətənlə qoşalaşar, əkizləşərlər. Onlar bu Vətənin şanlı qəhrəmanlarıdır. Bu Vətən durduqca Rüfətlər ölməyəcək!