Etibar Mahmudov 2 aprel 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1994-ci ildə Mingəçevir şəhər 14 nömrəli məktəbin birinci sinfinə qəbul olmuşdur. Atası uşaq yaşlarında vəfat etdiyindən 2000-ci ildə təhsilini yarımçıq qoymuşdur.
2006-cı ildə həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi polkovnik tərəfindən Fəxri Fərmanla təltif edilib.
Hərbi xidmət müddəti bitdikdən sonra Etibar Mahmudov mülki şəxs olaraq fəaliyyət göstərmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Etibar Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq 28 oktyabr tarixindən iştirak etmişdir. Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Etibar Mahmudov 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Mahmudov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Mahmudov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Etibar Mahmudova ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə də təltif olunub.