Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş oğullardan biri də Xəyal Hüseyn oğlu Əhmədovdur. Yaxınlarının dediyinə görə, ən böyük arzusu əsgər, şəhid olmaq imiş.
Xəyal 1994-cü il, may ayının 9-da Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. Yaşadığı qəsəbədə özü kimi şəhid adını daşıyan məktəblərdən birində orta təhsilini başa vurduqduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Daşkəsən rayonundakı "N" saylı hərbi hissədə xidmət edib. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda döyüşlərə qoşulub. Cəbrayılın və Qubadlının azadlığı uğrunda döyüşüb. Döyüşlərdə igidliyi fərqlənən Xəyal Əhmədov noyabrın 4-də Qubadlı istiqamətində davam edən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, Neftçala rayonunun Xıllı qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda can vermiş Xəyal Əhmədov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.