2021/05/35066-1621327820.jpg

line
Adı: Əsgərov
Soyadı: Fərid
Ata adı: Ərəstun
Doğum tarixi: 21.05.1996
Şəhid olub: 04.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı
Qarabağın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin minlərlə şəhidindən biri də 24 yaşlı Fərid Əsgərovdur. Fərid hərbiçi ailəsində dünyaya gəlib. Atası Ərəstun Əsgərov birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Füzuli, Ağdərə istiqamətində döyüşüb, Horadiz əməliyyatına qatılıb. O, uzun illər hərbiçi kimi müxtəlif bölgələrdə xidmət edib. Azərbaycan Respublikası Silahlı Qüvvələrin veteranı, həm də Qarabağ müharibəsi veteranıdır.

Şəhid Fərid Ərəstun oğlu Əsgərov 1996-cı il mayın 21-də Neftçala rayonunun Qaçaqkənd kəndində hərbçi ailəsində anadan olub. 2012-ci ildə Lənkəran şəhər 6 nömrəli liseyi bitirib, 2013-2017-ci illərdə Lənkəran Dövlət Universitetinin İngilis dili fakültəsində təhsil alıb. 2017-ci və 2018-ci illərdə Beyləqan ərazisində N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən sonra Bakıda mühafizə idarəsində çalışıb. O, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb, oktyabrın 3-də cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edərək igidliklər göstərib. Noyabrın 4-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” , “Qubadlının azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Fərid atasının müharibə xatirələri, bir də qələbə arzusu ilə böyüyüb. İspaniyada yaşayan bibisinin yanına getmək, təhsilini orada davam etdirməyik arzusunda olub, buna görə gecə-gündüz çalışıb. Amma müharibənin başlanması xəbərindən sonra bu fikrindən daşınıb, müharibənin ilk günündən könüllü cəbhəyə yollanıb.


Şəhidin atası Ərəstun Əsgərov deyir ki, oğlunun müharibəyə getmək istəyi onu qürurlandırıb. Çünki ataların döyüş yolunu övladları davam etdirməlidirlər: “Dedi ki, ata, indi xaricə getsəm, elə birinci sən fikirləşəcəksən ki, oğlum qorxaqdır, müharibədən yayındı. Düzü qürurlandım, bunu özünə də bildirdim. Dedim ki, torpaqlarımız azad olunsun, qalan hər şey yavaş-yavaş düzələcək. Hələ zarafat da etdim ki, deyərlər atası zabitdir, oğlu müharibədən yayınır. Dostları ilə gedib müraciət etmişdilər. Döyüşə elə getdi ki, sanki toya-bayrama gedir”.

Ə.Əsgərov Şəkidə xidmət etdiyindən Fərid və bacısı orada orta məktəbə gediblər. Ata Lənkərana xidmətə göndərilib. Uşaqlar da təhsillərini Lənkəranda davam etdiriblər: “Sonra Fərid ali təhsil aldı, hərbi xidmətə getdi, qayıdıb mühafizə xidmətində işə düzəldi. Arzuları çox idi, müharibə bütün arzularının üstündən xətt çəkdi”.

Fərid öz müəllimi ilə bir yerdə döyüşüb, əvvəlcə müəllimi şəhadətə qovuşub, ardınca Fəridin şəhid xəbəri gəlib.

Dərdli ata oğlu haqda söhbətə davam edir: “Lənkəranda Fəridin Ehtiram adlı müəllimi vardı, təsadüfən bir yerə düşmüşdülər. Ümumiyyətlə, zabitlərin arasında tanıdıqlarım çoxdur. Ehtiram müəllim və digərlərinin vasitəsi ilə Fəridlə əlaqə saxlaya bilirdim. Sonuncu dəfə Ehtiram müəllim zəng vurdu, danışdıq. Ertəsi gün onun şəhid olduğunu eşitdim. Sonra Fəridin digər döyüşçü yoldaşları vasitəsilə onunla yenidən əlaqə saxladım. Dedim ki, komandirin Ehtiram müəllim də şəhid oldu. Bilirəm ki, çətindir, amma çalış özünü qoru. Dedi ki, ata, hiss edirəm ki, narahatsan. Dünən dostum şəhid oldu, sabah mən şəhid ola bilərəm, bunu özünə dərd etmə. Bu, mənim oğlumla sonuncu danışığım oldu. Bir neçə gün danışa bilmədim. Zəng vuranda deyirdilər ki, yüksəklikdədirlər, orada şəbəkə tutmur. Ancaq narahat idim, şəhid olacağını hiss etmişdim”.

Fərid babasının istəyi ilə ata-baba yurdu - Neftçalanın Qaçaqkənd kəndində dəfn edilib. Dəfn mərasiminə Fəridin yaralı döyüşçü yoldaşları da qatılıblar. Onlar atanı əmin ediblər ki, Fəridin qanı yerdə qalmayıb, bir şəhidimizin əvəzinə on düşmən məhv edilib:“Snayperlə vurulmuş yaralı dostları gəlmişdilər, onların əziyyət çəkməyini istəmirdim. Amma mənə təskinlik oldu, oğlum, özünə hörmət qazanıb. Qızımın kurs yoldaşı da danışıb ki, bir gün əvvəl Fəridi şəhid olmuş döyüşçü yoldaşını qucaqlayıb ağlayan görüblər. Yaralıları, şəhidlərimizi döyüş meydanından çıxarıblar”.

Fəridin şəhid olmasından sonra Əsgərovlar ailəsi daha bir itki ilə sarsılıb. Babası Fəridin yoxluğuna dözməyib, ürəyi dayanıb: “Atam Fəridin Bakıda dəfn olunmasını istəmirdi, elə bil bilirmiş ki, Fəriddən sonra çox yaşamayacaq. Babasını sevimli nəvəsinin yanında dəfn etdim. Fəridin 40 mərasimi ilə atamın 7 mərasimi eyni günə düşdü. Yeganə təsəllim odur ki, şəhidlərimizin qanı yerdə qalmadı, onlar bizə qalibiyyət yaşatdılar”,- şəhid atası deyir...