2021/05/13054-1621338204.jpg

line
Adı: Eldar
Soyadı: Əliyev
Ata adı: Süleyman
Doğum tarixi: 03.02.1994
Şəhid olub: 13.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan şəhidlərdən biri də Eldar Əliyevdir.

Eldar Süleyman oğlu Əliyev 1994-cü il fevralın 13-də Bakıda anadan olub. 2000-ci ildə Bakı şəhəri 70 nömrəli məktəb-liseyə daxil olub. 2011-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültesinə daxil olub. Savadına, intellektinə görə yoldaşlarından fərqlənən Eldar, 2012-ci ildə təhsil aldığı universitetdə fakültələrarası “Nə? Harada? Nə zaman?” yarışında birinci yeri tutub. Ardınca “Breyn rinq” intellektual oyununda da eyni nəticəni təkrarlayıb. “Gənclər fondu”nun təşkil etdiyi “Tələbələrarası I iqtisadi biliklər olimpiadası”nın final mərhələsində də uğurlu mübarizə aparıb.

Eldarın şahmat, riyaziyyat və müharibə-strategiya oyunlarına böyük marağı var idi. Napoleon haqqında araşdırmağı, oxumağı çox sevdiyi üçün dostları arasında “Napo” ləqəbi ilə çağrılırdı.

2016-cı il hərbi xidmətdən qayıdan Eldar Əliyev, Azərbaycanın böyük şirkətlərinin birində, Azərbaycan Supermarket MMC-də işə başlayır. Çalışqanlığı və savadı ilə birlikdə şərablar haqqında olan bilgisi onu daha böyük şirkətlərdə daha yüksək vəzifələrə aparır və Azərbaycanın ən böyük oteli olan Bulvar Hoteldə çalışmağa başlayır. Eldar həmçinin özünü inkişaf etdirmək üçün xarici universitetlərin təşkil etdiyi kurslarda iştirak edir, beynəlxalq sertifikatlar əldə edirdi. İngilis, rus və türk dillərini mükəmməl bilirdi.

2015-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra hərbi xidmətə çağırılan Eldar, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu motoatıcı hərbi hissəsində pulemyot atıcı olaraq xidmət edib.

2020-ci il 27 sentyabr İkinci Qarabağ müharibəsinin başlaması ilə birlikdə Eldar da cəbhəyə könüllü olaraq yollanıb. Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 13 oktyabr tarixində Füzuli rayonu döyüşlərində qəhrəmanca şəhid olub. 18 Oktyabr tarixində Bakı şəhərində, Əhmədli qəsəbəsi qəbristanlığında dəfn olunub.Qeyd edək ki, Eldarın dayısı Əbilov Əfsər də Birinci Qarabağ Müharibəsində şəhid olub və Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Xocavəndin azad olunmasına görə” medalına Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il sərəncamı ilə layiq görülüb.

Dünyaca məhşur “Nyu-York Tayms” qəzeti İkinci Qarabağ Müharibəsi haqqında olan məqalələrindən birində Eldar Əliyevin şəhid olmasından bəhs etmişdi.