2021/09/nicat-1632733508.jpg

line
Adı: Hüseynov
Soyadı: Nicat
Ata adı: Ziyafət
Doğum tarixi: 04.06.1997
Şəhid olub: 23.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Nicat Ziyafət oğlu Hüseynov 4 iyun 1997-ci ildə Şirvan şəhərində anadan olub. O birinci sinfə N.Quliyev adına 9 saylı orta məktəbdə başlayıb, 11-ci sinfi B.Aslanov adına 16 saylı orta məktəbdə başa vurub.

Nicat 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. O könüllü olaraq "Aprel döyüşləri"ndə iştirak etmək üçün arxa cəbhədən ön cəbhəyə seçilmiş 10 əsgərdən biri olub. Nicat qısa sürən döyüşlərdə yaxından iştirak edib və yüngül xəsarət alıb. Hərbi xidmət zamanı snayperçi kursunu bitirib. Nicat Hüseynov daim "Aprel döyüşləri" zamanı komandiri olmuş Murov qartalı şəhid polkovnik-leytenant Raqif Orucovu xatırlamış, əsgər yoldaşları ilə birlikdə bir gün onun qisasını düşməndən alacağına söz vermişdi.

Hərbi xidməti başa vurduqdan sonra Nicat Hüseynov Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Araz zavodunun Təhlükəsizlik və Müdafiə İdarəsində böyük atıcı işləyib.

Keçən ilin sentyabr ayında başlayan Vətən müharibəsində iştirak etmək üçün Nicat könüllü olaraq hərbi xidmətə yazıldı.29-sentyabr tarixində döyüşə yollanan Nicat evdən çıxarkən anasına "Şəhid olsam, ağlamayın, məni atamın bayrağına bükərsiniz" demişdi. Çünki torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşmək və şəhidlərin qisasını almaq onun uşaqlıq arzusu idi. Cəsarətli və az yaşı olmasına baxmayaraq, böyük hörmət sahibi olan bu gənc müqəddəs arzu uğrunda inamla irəli atıldı. Nicat müharibənin ilk günlərindən böyük şücaət göstərib.

Nicat Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək ağır döyüş şəraitində 15 yaralı əsgəri neytral zonadan təkbaşına çıxarmışdı. 23 yaşlı Nicat Hüseynov 16-cı döyüş yoldaşını xilas edərkən qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı.

Nicat Hüseynovun nəşi 11 oktyabr tarixində Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra " Döyüşdə fərqlənməyə görə " medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynovölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.