Mirsəfa Rzayev ikinci Qarabağ müharibəsinin dənizçi qəhrəmanlarındadır. Səfərbərlik elan edildikdə Mirsəfa da vətən borcunu yerinə yetirmək üçün döyüşə çagrılır. Elə gözüyaşlı ana da oğlunu son dəfə o zaman görür.
Mirsəfa Rzayev 1995-ci il fevralın 19-da Bakıda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Dənizçilik Akademiyasına qəbul olub. Akademiyanı bitirdikdən sonra isə 2017-ci ildə hərbi xidmətə yola düşüb. Döyüşlərdə şücaəti ilə seçilən şəhidimiz topçu olsa da, bunu anasına bildirməyib. Gözünün ağı qarası bircə oglunu vətənə qurban verən Emilya ana deyir ki, Mirsəfa diplomunu alarkən, daha sonra işə qəbul olarkən yerə-göyə sığmırdı, çünki ixtisası üzrə işləmək üçün can atırdı. Bəli, dənizçi olmaq ona qismət oldu, amma o dənizdən də üstün vətənini bildi.
Mirsəfanın igidliyinə yaxşı bələd olanlardan biri də xalası Gövhər xanımdır. O, deyir ki, Mirsəfa onun yanında böyüyüb. Arzularından biri də çox sevdiyi xalasının onu evləndirməyi olub.
Topçu Mirsəfa Rzayev evlilik məramına çata bilməsə də, Füzuli uğrunda gedən döyüşlərdə ən gözəl mərama-şəhidlik zirvəsinə ucalıb. Lakin şəhid olmadan əvvəl son dəfə anası, bacısı və demək olar ki, bütün dostları ilə danışıb. Bacısı dönə-dönə onunla fəxr etdiyini deyir.
15 yaşından atasını itirən Mirsəfa çətinlik, zəhmət bilən igid idi. Heç Vətən çağıranda da bu çətin işdən geri çəkilmədi və Mirsəfa da adını Qarabağ müharibəsi tarixinə böyük hərflərlə yazdıran qəhrəmanımıza çevrildi. İndi ona məxsus guşədə qərənfillər solsa da, onun xatirəsi Qarabağ torpaqlarında əbədi çiçək açacaq. Məkanının cənnət olsun, bizim igid dənizçi şəhidimiz.
Mirsəfa Rzayev 2017-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb. Azərbaycan Ordusunun əsgəri olan Mirsəfa Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə olub. Mirsəfa Rzayev oktyabr 27-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 27 oktyabr 2020-ci il tarixində Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Mirsəfa Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.