2021/05/13018-1621344547.jpg

line
Adı: Elqaş
Soyadı: Əliyev
Ata adı: Barat
Doğum tarixi: 12.02.1999
Şəhid olub: 03.11.2020
Rütbəsi: Mahhxhq əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Elqaş Əliyevdir.

Elqaş Barat oğlu Əliyev 12 fevral 1999-cu ildə Lerik rayonunun Bırkandul kəndində anadan olub. Lerik rayon Zahid Həsənov adına Bırkandul kənd ümumi orta məktəbində IX sinfə qədər təhsil alıb, ardınca Ənvər Nəciyev adına Vistən kənd tam orta məktəbində orta təhsilini tamamlayıb.

E. Əliyev 18 yaşında həqiqi hərbi xidmətə yollanıb, xidmət müddəti bitdikdən sonra isə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi orduda fəaliyyət göstərib.

Elqaş Əliyev 27 sentyabr 2020-ci ildən etibarən İkinci Qarabağ müharibəsində iştirak edib. Cəbhənin müxtəlif istiqamətlərində şücaət göstərən Elqaş, 3 noyabr tarixində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüş yoldaşları onu müstəsna dərəcədə cəsur bir döyüşçü kimi xarakterizə etmişlər.
Qardaşı Eldin deyir ki, Elqaş Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan və Laçın dəhlizi uğrunda gedən döyüşlərdə canından keçməyə hazır olduğunu sübut edib və şücaətləri ilə yadda qalıb: “Onun dostları, bir yerdə xidmət apardığı uşaqlar mənimlə danışır, deyir ki, Elqaş 14 əsgərlə düşüb səngərə, bütün dostlarının silahı qurtarıb, heç nə qalmayıb. Erməni gəlib, Elqaş qapının arxasında gizlənib, erməni onların üstünə hücum eləyəndə Elqaş öz avtomatının qundağı ilə onun başına vurub, onu yerə sərib. Elqaş onların Kalaşnikov pulemyotu ilə erməniləri öldürüb, 14 əsgəri xilas edib. Sonra döyüş gedə-gedə 22 şəhidimizi, 28 yaralımızı mühasirədən çıxarıb, 10 ermənini snayper gülləsi ilə təkbaşına vurub. Harada şəhid, yaralı olurdu, Elqaş deyirdi ki, birinci mən çıxaracağam”.

Dediyini də edib, yaralanmış rabitə komandirini minalanmış ərazidən çiynində çıxardıb. Cəmi 22 yaşı olmasına baxmayaraq, yaşca böyük olan döyüş yoldaşları qorxu nədir bilməyən qəhrəmanın məsləhətlərinə qulaq asır, tapşırıqlarına tabe olurdular.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Elqaş Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elqaş Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.